Oktyabrın 9-da Azərbaycan Mətbuat Şurasının idarə heyətinin iclası keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid idarə heyətinin üzvləri Vüqar Rəhimzadə və Elçin Mirzəbəylini Milli Məclisin deputatı seçilmələri münasibətilə təbrik edib, onlara qanunverici orqanda fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra gündəlik üzrə məsələlərə baxılıb.

Əvvəlcə MŞ sədrinin idarə heyətinin sonuncu iclasından sonra görülmüş işlərə dair məlumatı dinlənilib. R.Məcid bildirib ki, ötən müddətdə Şurada ölkəmizdə səfərdə olan xarici media təmsilçilərinin iştirakı ilə 4 görüş keçirilib, veteran jurnalistlərin yubileyləri ilə bağlı 3 toplantı təşkil olunub.

MŞ-nin təmsilçiləri ölkəmizdə və xaricdə ümumilikdə 20 tədbirə qatılıblar. Bundan başqa, Mətbuat Şurası milli mətbuatımızın 149 illiyi ilə bağlı təntənəli toplantının təşkilində yaxından iştirak edib.

Şura jurnalistlərin sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkiləri işıqlandırmalarını diqqətdə saxlayıb. O cümlədən idarə heyətinin üzvləri seçki günü müxtəlif seçki məntəqələrində jurnalistlərin işinə yaradılmış şəraitdə tanış olublar.

Mətbuat Şurası hesabat müddətində “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Təhsilin İnkişafı Fondu ilə birlikdə media təmsilçiləri üçün 3 müsabiqə təşkil edib. Müsabiqələrdə ümumilikdə 50-yə yaxın jurnalist mükafatlandırılıb.

MŞ sədrinin müavini Vüqar Zifəroğlu çıxışında idarə heyətinin axırıncı iclasından sonra Şuranın katibliyində 15 şikayətlə bağlı tərəflər arasında anlaşma əldə olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, MŞ-nin Nizamnaməsinə əsasən Şikayətlər üzrə komissiyanın hazırkı tərkibi fəaliyyətini başa vurub və yeni tərkib müəyyənləşməlidir. Nizamnaməyə görə, Şuranın sədr müavinlərinin hər biri iki il müddətinə komissiyaya sədrlik edirlər. Sədr müavini Səadət Məmmədovanın rəhbərliyi yeni tərkində İH üzvləri Qulu Məhərrəmli, Elçin Mirzəbəyli, Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, Yadigar Məmmədli, Aqil Ələsgər və Yeganə Hacıyeva yer alıb.

MŞ-nin idarə heyətinin iclasında oktyabrın 11-də keçiriləcək “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfransla bağlı müzakirə də aparılıb.

“Xalq qəzeti”nin 105 illiyi münasibəti ilə nəşrin baş redaktoru Əflatun Amaşova, Şuranın Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğluna isə 65 illik yubileyi ilə bağlı Mətbuat Şurasının diplomları təqdim olunub.