İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur. Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir.

Bu sözlər Prezident İlham Əliyevin oktyabrın 10-da Bakıda işə başlayan Pre-COP29 konfransının iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə qeyd olunur ki, Azərbaycan bu təhdidlərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl artım” üzrə sosial-iqtisadi prioritetimizi uğurla reallaşdırırıq. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.

Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpa olunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpa olunan enerji mənbələrinə malikdir.

Müraciətdə diqqətə çatdırılır ki, qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29-a ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardı: “Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək”.

Qeyd olunur ki, Azərbaycan sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda “COP atəşkəsi çağırışı”nın aktuallığı daha da artır: “COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər”.

Müraciətdə bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına da toxunulur. Qeyd olunur ki, bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz.

Azərbaycan Prezidenti müraciətinin sonunda yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağa şad olacağını vurğulayıb.

***

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçirilən Pre-COP29 konfransı “Ambisiyanı artırmaq və iqlim fəaliyyətinə təkan vermək” mövzusuna həsr olunub. Konfrans oktyabrın 11-də başa çatacaq.