Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 8-də başa çatıb. Bakı Ekspo Mərkəzində 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisənin iştirak etdiyi sərgi bu il daha zəngin proqramla kitabsevərlərin görüşünə gəlmişdi.

Bir həftə ərzində sərgi məkanında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, imza mərasimləri – ümumilikdə 320-dən artıq tədbir keçirildi.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO sərginin “fəxri qonaq qurum”u idi. Sərginin “fəxri qonaqları” irlandiyalı yazıçı Con Boyn, alman yazar Vulf Dorn və Azərbaycan əsilli İran yazıçısı Fəriba Vəfi ilə keçirilən görüşlər isə xüsusilə yaddaqalan oldu. Sərgi məkanında oxucuların, naşirlərin, müəlliflərin – bütün maraqlı tərəflərin rahatlığı üçün hər cür şərait yaradılmışdı.