Xəbər verdiyimiz kimi, 8-9 oktyabr tarixlərində Şuşada ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş “Şuşa Tarix-Memarlıq Qoruğu” və “Ağdam İmarət Kompleksi və Cümə məscidi” adlı iki nominasiyanın İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə təklif də müzakirə olunub və müsbət qərar qəbul edilib.

Oktyabrın 10-da sessiya iştirakçıları Ağdama səfər ediblər. İmarət kompleksi və Cümə məscidini ziyarət edən ICESCO-nun Mədəniyyət və kommunikasiya sektorunun rəhbəri, Tunisin keçmiş mədəniyyət naziri Məhəmməd Zeynalabdin, İslam Dünyası İrsi Mərkəzinin rəhbəri Vebber Ndoro, İslam Dünyası İrs Komitəsinin sədri Məhəmməd əl-Aydarus, Özbəkistanın Mədəniyyət Araşdırmaları və Qeyri-Maddi Mədəni İrs üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru İroda Dadaşconova və digər qonaqlar hər iki məkanın bərpadan əvvəlki (işğal dövründəki) və sonrakı vəziyyəti ilə tanış olublar.

Qonaqlara İmarət kompleksində yerləşən Qarabağ xanları qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, şair Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən digər görkəmli şəxslərin məzarları haqda məlumat verilib. İşğal dövründə erməni vandalizminin qurbanı olan qəbiristanlıq, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidələri göstərilib və italyan mütəxəssislərlə birgə aparılmış bərpa prosesi haqda danışılıb.

Ağdam Cümə məscidində də qonaqlar işğal dövründə vəziyyəti əks etdirən fotoşəkillərə baxıb, bərpa prosesi haqda məlumatlandırılıblar.