“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 161 nömrəli tam orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihənin budəfəki qonağı Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə olub.
Qonaq məktəb xatirələrindən, həyatında müəllimlərinin rolundan, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyindən danışıb, nəsillərdən-nəsillərə ötürülən dəyərlərdən, incəsənətin bəşəriyyətin inkişafına təsirlərindən, sənətinin fərqli özəlliklərindən söz açıb.
Vətən müharibəsinin, Qarabağda qazanılan Zəfərin ədəbiyyata, sənətə gətirdiyi yeni məzmundan danışan M.Ələkbərzadə zamanla mükəmməl səhnə əsərlərinin yaranacağına əminliyini bildirib. Mütaliə edən gənclərin daha perspektivli olduğunu vurğulayan qonaq məktəbliləri hazırkı informasiya bolluğu şəraitində doğru seçim etməyə çağırıb. M.Ələkbərzadə gənclərin asudə vaxtlarının səmərəli təşkilinin önəmindən, vaxtın düzgün idarə olunmasından, Azərbaycan gəncliyinin yaradıcılıq potensialından, gənclərin ixtisas və peşə seçimlərində diqqət etməli olduğu məqamlardan bəhs edib, şagirdləri düşündürən sualları cavablandırıb.
Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.