Oktyabrın 16-sı saat 12:00-da Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində tanınmış rəssam Xəlil Əliyevin 70 illik yubileyi münasibətilə fərdi sərgisi keçiriləcək.
Rəssamın yaradıcılığında monumental və dekorativ-tətbiqi sənət əsas yer tutur. Bununla yanaşı, o, qrafika və rəngkarlıq əsərlərinin də müəllifidir. Rəssam respublikamızda və xaricdə keçirilən sərgilərin daimi iştirakçısıdır. Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Sərgidə Xəlil Əliyevin qrafika, rəngkarlıq və keramikadan ibarət müxtəlif növ və janrları əhatə edən 110 əsəri nümayiş olunacaq.
Xatırladaq ki, Bakı Metropoliteninin “28 May” (1990-cı illər), “Sahil” (1993) və “Nəriman Nərimanov” (1994) stansiyalarının mozaik tərtibatında Xəlil Əliyev də iştirak edib.