Cəmiyyəti mənəvi və ideoloji təsir baxımından formalaşdıran, təşəkkülə doğru yönləndirən məqamlardan biri mütaliə etmə bacarığıdır ki, bu faydalı vərdiş hər bir fərdə kiçik yaşdan valideyn və müəllim tərəfindən aşılanır. Qürurverici haldır ki, dövlətimiz tərəfindən də bu istiqamətində bir çox mədəni layihələrin keçirilməsinə geniş şərait yaradılır.
Bu baxımdan respublikamızın mədəni həyatında ənənə halını almış mühüm tədbirlərdən biri kimi 2–8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisini xüsusilə vurğulamaq gərəkdir. Regionun ən böyük kitab festivalının sayca onuncusu dahi Azərbaycan şairi, mütəfəkkir Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuşdu. Sərgi çərçivəsində oktyabrın 7-də görkəmli musiqi xadimi, professor Tərlan Seyidovun (1943–2023) dünyaşöhrətli pianoçu, Xalq artisti, professor Fərhad Bədəlbəylinin həyat və yaradıcılığına həsr etdiyi “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının ikinci cildinin təqdimat mərasimi də əlamətdar mədəniyyət hadisəsi kimi yadda qaldı.
Qeyd edək ki, “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət” kitabının birinci cildi iki il əvvəlki sərgidə, 2022-ci il 5 oktyabr tarixində müəllif Tərlan Seyidovun öz iştirakı ilə təqdim olunmuşdu. Həmin tədbirdə onun sənət dostu, sirdaşı Fərhad Bədəlbəyli haqqında söylədiyi fikirlər olduqca təsiredici idi. Onların uzun illərə dayanan işbirliyinin nəticəsi olaraq Azərbaycan musiqi elmi və mədəniyyəti sahəsində bir çox innovasiyalı layihələrə imza atılıb.
Kitabın ikinci cildinin təqdimatına da elm və mədəniyyət xadimləri, BMA-nın professor və müəllim heyəti qatılmışdı.
BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru dosent Sevda Məmmədova professor Tərlan Seyidovla birlikdə kitab üzərindəki iş prosesi ilə bağlı isti xatirələrini bölüşdü.
BMA-nın “Humanitar elmlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru Tərlan Quliyev dahi şair Füzulinin beytlərindən sitat gətirərək “eşq” məfhumundan danışdı, kitabın yazılmasını da məhz “eşq” məhfumu ilə əlaqələndirərərək, vətənə, insana və ətraf mühitə olan istək duyğusunun əhəmiyyətini vurğuladı. O, Hacıbəyovlar, Əliverdibəyovlar və Bədəlbəylilər nəsil şəcərəsinə də toxunaraq, kitabın baş qəhrəmanı Fərhad Bədəlbəylinin bu nəslin layiqli ardıcıllarından olduğunu xatırlatdı.
Tədbirdə BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının IV kurs tələbəsi Rüfət Məmmədov (klarnet) Bela Kovaçın “Kodaly” və violin ixtisası üzrə III kurs tələbəsi Kənan Məmmədzadə Azəf Zeynallının “Muğamsayağı” əsərlərini ifa edərək dinləyicilər tərəfindən alqışla qarşılandılar.
Sonra kitabın işıq üzü gördüyü “Şərb-Qərb” nəşriyyat evinin redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı ürək sözlərini Fərhad Bədəlbəyliyə çatdıraraq, kitabın hazırlanması prosesindən bəhs etdi.
Nəşrin redaktorlarından BMA-nın İxtisas musiqi məktəb-studiyasının elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva da fikir və düşüncələrini, kitabın tərtibçisi Tərlan Seyidovun və redaktoru Elmira Mustafayevanın haqq dünyasına qovuşmaları ilə bağlı üzüntülü hisslərini bölüşdü. Diqqətə çatdırdı ki, kitabda tanınmış simaların Fərhad Bədəlbəyli haqqında düşüncələri, həmçinin görkəmli musiqi xadiminin həyat və yaradıcılığını əks etdirən mətbuatda işıq üzü görmüş müxtəlif mətnlər yer alıb.
Daha sonra söz kitabın səbəbkarı Fərhad Bədəlbəyliyə verildi. O, nəşrin ərsəyə gəlməsi və təqdimatın hazırlanmasında əməyi keçənlərə təşəkkürünü bildirdi, əziz dostu Tərlan Seyidovu ehtiramla yad etdi, onun yaratdığı və ömrünün sonunadək rəhbərlik etdiyi İxtisas musiqi məktəb-studiyası haqqında rəğbət dolu sözlər dedi.
Fərhad Bədəlbəyli çıxışını “...xatirələrim olduqca çoxdur, Azərbaycanın bir çox ziyalıları ilə ünsiyyətdə olmuşam. Onlarla keçən söhbətlərimizin hər biri bir tarixdir. Məhz buna görə bu nəşrin davamı kimi 3-cü cildin çap olunmasını çox istəyərdim...” sözləri ilə bitirdi.
“Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova kitabın hazırlanması və iki görkəmli şəxsiyyət – Fərhad Bədəlbəyli və Tərlan Seyidov tandemindən, həmçinin onlarla birgə iş prosesindən danışdı.
Çıxışlar arasında BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə və beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Xalq artisti, professor Yeganə Axundovanın düşündürücü sual və xatirələri də yer aldı.
Şəfəq Hacıyeva
BMA-nın İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas