Tanınmış yazıçı-jurnalist, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü Yaqub Əlioğlu 2024-cü ilin 13 oktyabr tarixində, 68 yaşında dünyasını dəyişib.

Yaqub Əli oğlu Məmmədov (Yaqub Əlioğlu) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Mədəni-Maarif Texnikumunda (indiki ADMİU nəzdində Humanitar Kollec) təhsil alıb. 1986-cı ildə Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1986–1997-ci illərdə Teatr Xadimləri İttifaqında çalışıb, eyni zamanda Azərbaycan Televiziyasının ədəbi dram verilişləri redaksiyası ilə əməkdaşlıq edib. 1999-cu ildən televiziyada redaktor, baş redaktorun müavini vəzifələrində işləyib. 10 ildən artıq “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş redaktoru olub. Görkəmli elm, mədəniyyət xadimləri, tarixi şəxsiyyətlər, yurdumuzun dilbər guşələri haqqında 50-dən artıq film onun rəhbərliyi ilə ərsəyə gəlib və televiziyanın “qızıl fond”una daxil edilib.

Yaqub Əlioğlu çoxsaylı publisistik məqalələrin, 10-dan çox kitabın müəllifidir. “Səhnə rampasının sehri”, “Özlərini səhnədə görənlər”, “Rejissorlarla üz-üzə”, “Sənətdə izi olanlar”, “Sənət çevrəsinin sakinləri” və digər kitabları maraqla qarşılanıb. “Qızıl qələm”, “Qızıl dərviş” mükafatlarına layiq görülüb.

Allah rəhmət eləsin.