Milli Azərbaycan Tarixi Muzeyində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Əsrin bəlası” adlı maarifləndirici tədbir-sərgi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Nərmin Azadova, “MediaArt” Psixi Sağlamlıq Mərkəzinin direktoru professor, tibb elmləri doktoru Araz Əliquliyev, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim-epidemioloqu Dilşad Mahmudova, Elm və Təhsil Nazirliyi Fiziologiya İnstitutunun əməkdaşı Gülnarə Hüseynova, Bakı Şəhər Baş Polis İdarəsi İctimai təhlükəsizlik idarəsinin baş inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və başqaları çıxış ediblər.
Qeyd olunub ki, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici tədbirlər aksiyalar böyük əhəmiyyət kəsr edir.
Sonra mövzu ilə bağlı müxtəlif videoçarxlar və film nümayiş olunub, müxtəlif intellektual oyunlar təşkil edilib, sorğular keçirilib.
“Narkomaniyaya yox deyək!” adlı sərgidə “Uni Kids Club” tədris mərkəzi üzvlərinin rəsm əsərləri nümayiş olunub.
Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrinin tələbələri, şagirdləri, muzey əməkdaşları və digər qonaqlar iştirak ediblər.