AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev Türkiyənin Qars şəhərində Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən “Qafqazda İslam və mədəniyyət” adlı beynəlxalq simpoziumda iştirak edib.
İnstitutdan bildirilib ki, simpoziumda panel moderatoru olan şərqşünas alim “Azərbaycan epiqrafikasında müqəddəs yazılar” mövzusunda məruzə ilə çıxış edib.
E.Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb.
Məruzəçi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə aid bir sıra əhəmiyyət kəsb edən yazılı abidələr haqqında söhbət açıb, müxtəlif çətin xətlərlə kitabələrə həkk olunmuş yazıların oxunuşu, tərcüməsi və şərhlərini də əlavə olaraq vurğulayıb.