Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu layihənin dörd ildir reallaşdırıldığını xatırladıb. O vurğulayıb ki, hər bir xalqın inkişafı üçün vacib olan amil və möhkəm bünövrə təhsillə bağlıdır: “Təhsilin dövlətin, cəmiyyətin inkişafında rolunu heç nə ilə müqayisə etmək olmaz. Bu gün əldə etdiklərimizi aldığımız təhsilə borcluyuq. Qızların təhsili xüsusi əhəmiyyət kəsb edir. Hər il ictimaiyyətə müraciət edirik ki, gənc qızların təhsilinə töhfə versinlər. Qeyd etməliyəm ki, ümumilikdə 265 nəfər “Hənifə Məlikova-Zərdabi təqaüd proqramı”nı qazanıb. Artıq bu layihə 58 rayonu əhatə edir. Qürurverici haldır ki, bu il proqram iştirakçılarımızdan biri ən yüksək - 700 bal toplayaraq ADA Universitetinin Riyaziyyat fakültəsinə qəbul olub. Onu da deyim ki, bu layihəyə dəstək vermək istəyənlərin sayı getdikcə artır. 2025-ci ildə artıq bizim ilk məzunlarımız olacaq”,- deyə B.Muradova diqqətə çatdırıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında dörd il əvvəl “Gənc qızların təhsilinə dəstək” layihəsinin bir neçə sahibkar qadın və tələbənin iştirakı ilə həyata keçirilən təşəbbüs olduğunu xatırladıb. Qeyd edib ki, bu gün təqaüd yüzlərlə tələbəyə təqdim olunub. Onun sözlərinə görə, təqaüddən faydalanan xanımlar müxtəlif sahələrdə mütəxəssis olacaqlar. Nazir çıxışında qızların təhsilinin çox vacib olduğunu da vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında “Gənc qızların təhsilinə dəstək” layihəsində benefisiar sayının 315 nəfərə çatdırılacağını qeyd edib. O bildirib ki, layihə çərçivəsində qızlar təkcə təqaüd deyil, eyni zamanda, təcrübə və təlim proqramlarından faydalanmaq imkanı qazanırlar: “Həyata keçirilən proqramlarda iştirak edən qızlardan bir neçəsi artıq işlə təmin edilib. Ümumilikdə dörd belə proqram həyata keçirilib. Proqramlarda iştirak edənlərdən beş nəfəri şəhid xanımıdır”.
Fondun İdarə Heyətinin sədri, həmçinin diqqətə çatdırıb ki, layihə çərçivəsində “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilib və bu proqrama da 1800-ə yaxın müraciət olub. “Zərif” mühəndislər təqaüd proqramınına isə 215 qız cəlb edilib.
“Digər uğurlu layihələr “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı və “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” olub. Bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan aztəminatlı ailələrdən olan 131 tələbə qıza təqaüd verilib. Qeyd edim ki, 2024-2025-ci tədris ili üçün mövcud təqaüd proqramlarına qeydiyyat davam edir”, - deyə E. Nəsibov vurğulayıb.
Tədbirin sonunda “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızlar mükafatlandırılıblar.
“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı 2023-cü ildə Təhsilin İnkişafı Fondu tərəfindən təsis olunub. Azərbaycanın ilk maarifçi qadınlarından biri və Bakıda ilk Qızlar məktəbinin rəhbəri olmuş Hənifə Məlikova-Zərdabinin adına təsis edilən proqram ölkəmizdə xanımların təhsilinə və inkişafına mühüm töhfədir.