Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Miniatür" kolleksiyası Türk dünyasının VII "Qadın və moda" etnomoda həftəsi çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində təqdim olunub.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın da iştirak etdiyi tədbirdə Azərbaycanın orta əsr etüdləri və xalça naxışlarının, Qarabağ motivlərinin nümayiş olunduğu "Miniatür" kolleksiyası böyük maraqla qarşılanıb.
On iki ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində master-klaslar və dizaynerlərin əsərlərindən ibarət sərgi də təşkil edilib. Sonda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Türk dünyasının zəngin mədəni irsini yüksək qiymətləndirib və dizaynerlərə xatirə hədiyyəsi təqdim edib.
Tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Şimali Kipr Sahibkar Qadınlar Assosiasiyasının dəstəyi ilə TÜRKSOY tərəfindən təşkil olunub. Əsas məqsəd türk dövlətlərinin mədəni əlaqələrini gücləndirmək və qədim ənənələri nümayiş etdirməkdir.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin yaradıcısıdır. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.