Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 11-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Ümummilli liderin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Adil Kərimli  Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Vətəndaşlar mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək qaldırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsəllərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

***

Qəbuldan sonra nazir Naxçıvan şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin Ev-Muzeyini, Hüseyn Cavid Məqbərəsini və Bəhruz Kəngərli Muzeyini ziyarət edib. Muzeylərin və məqbərənin fəaliyyəti haqqında məlumat verilib.

Daha sonra muxtar respublikanın Şahbuz rayonuna gedən Adil Kərimli Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahbuz şəhərindəki “Araz” kinoteatrına baxış keçirib.

Müəssisələrlə tanışlıq zamanı bildirilib ki, ölkəmizdəki bütün mədəniyyət və bədii təhsil ocaqlarına vahid yanaşma mövcuddur. Müəssisələrdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılmalıdır.

Bundan əlavə, muxtar respublikaya səfər çərçivəsində Azərbaycan Respublikası mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Oleq Əmirbəyov və Cəsarət Valehov müvafiq sahələr üzrə Naxçıvan şəhərində müəssisələr və kollektivlərlə tanış olublar.