Oktyabrın 14-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin məzunu, Vətən müharibəsi şəhidi Rəşid Mədinovun xatirəsi yad olunub.
Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində qeyd olunan anım günündə kollecin direktoru Şəhriyar Laçınov, Xaçmaz rayonu Nazim İsayev adına tam orta məktəbin direktoru Adil Mədətov və kollecin kollektivi iştirak ediblər.
Sosial-İqtisadi Kollecin kollektivi şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Rəşid Nəzər oğlu Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Əslən Qubanın Qrız kəndindəndir.
Rəşid 2012-ci ildə 10-cu sinfi bitirəndən sonra kolleclərə qəbul imtahanında iştirak edir və həmin Bakı Dövlət Sosial-İqtisadi Kollecinin bank işi ixtisasına qəbul olunur. 2015-ci ildə kolleci bitirir.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Rəşid öncə Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli istiqamətində döyüşlərdə artilleriya bölmələrinin tərkibində döyüşüb. Oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə yaralanaraq iki tərəf arasındakı zonada atəş altında qalan əsgər yoldaşını xilas etmək üçün düşünmədən önə atılır və yoldaşını çiyninə alıb ərazidən çıxararkən mənfur düşmənin atdığı minomyot mərmisinin partlaması nəticəsində ağır yaralanır.
Oktyabrın 14-də şəhidlik zirvəsinə yüksələn Rəşid Mədinov həmin gün Yeni Həyat qəsəbə qəbiristanlığında son mənzilə yola salınır.
Dövlət başçısının müvafiq sərəncamları ilə Rəşid Mədinov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Rəşid Mədinov 2016-cı ilin Aprel döyüşlərində də şücaət göstərərmiş, komandanlıq tərəfindən 3 tərifnamə və 3 fərqlənmə diplomu ilə təltif olunmuşdu.
***
Sosial İqtisadi Kollecdə Vətən müharibəsi şəhidi Şaiq Kəlbiyevin də anım günü qeyd olunub.
Oktyabrın 15-də keçirilən tədbirdə öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən kollecin direktoru Şəhriyar Laçınov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı böyük şücaət göstərərək düşməni ağır məğlubiyyətə uğradıb, ərazi bütövlüyümüzü bərpa edib. Minlərlə qəhrəman Vətən oğlu şəhidlik mərtəbəsinə yüksəlib. Onların həyat salnaməsi bütün nəsillər üçün əsl örnəkdir.
Sonra tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib.
Şaiq Namiq oğlu Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2012-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məktəbi bitirib. 2012–2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb. 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin Aprel döyüşlərin iştirak edib. Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji yüksəkliyinin işğaldan azad edilməsində xüsusilə fərqlənib.
Könüllü olaraq 44 günlük Vətən müharibəsində yollanan Şaiq Kəlbiyev oktyabrın 15-də Füzuli rayonu uğrunda döyüşlər zamanı şəhid olub. Qaradağ rayonunun Sahil qəsəbəsində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.