Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İngiltərənin Vestminster Universitetinin Memarlıq və şəhərlər fakültəsinin professoru Giulio Verdini tələbələrə “Şəhərlərin yenidən qurulması və irsin qorunması” mövzusunda mühazirə oxuyub.

AzMİU-dan bildirilib ki, Xarici əlaqələr şöbəsinin təşkil etdiyi seminarda Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova mövzunun qlobal miqyasda aktuallığını vurğulayıb, bu cür seminarların tələbələrə geniş perspektivlər açdığına diqqət çəkib. Professor tələbələrə mühazirədən maksimum faydalanmağı və gələcək memarlıq layihələrində tarixi irsin qorunması məsələsinə xüsusi yanaşmalarını tövsiyə edib.

Seminarda tanınmış beynəlxalq ekspert Giulio Verdini müasir şəhərsalma proseslərində irsin qorunması və şəhərlərin yenidən qurulması üzrə qabaqcıl təcrübələrini paylaşıb. O, tələbələrə bu sahədə ən yaxşı metodların necə tətbiq edildiyini izah edərək, tarixi və mədəni abidələrin şəhərsalma inkişafı ilə harmonik şəkildə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Giulio Verdini tələbələri urbanizasiya proseslərində tarixi dəyərlərə həssas yanaşmağa çağırıb, bu yanaşmanın şəhərlərin dayanıqlı inkişafı üçün əhəmiyyətini geniş şəkildə şərh edib.

Xatırladaq ki, AzMİU və Vestminster Universiteti uzun müddətdir əməkdaşlıq edir. Əməkdaşlığın nəticəsi olaraq həyata keçirilən “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” üzrə ikili diplom proqramı tələbələrə həm AzMİU-da, həm də Vestminster Universitetində təhsil almaq və beynəlxalq səviyyədə tanınan magistr dərəcəsi əldə etmək imkanı yaradır. Bu proqramın məqsədi tələbələrin nəzəri və praktik biliklərini artırmaq, onları qlobal memarlıq və şəhərsalma sahəsindəki inkişaflarla tanış etməkdir.