Oktyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Tikmə sənəti” adlı beynəlxalq elmi konfrans işə başladı.
Milli Xalça Muzeyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən konfrans oktyabrın 18-dək davam edəcək.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək konfransın əhəmiyyətindən danışdı. Bildirdi ki, konfransın əsas məqsədi dünya xalqlarının ortaq mirası olan tikmələrlə bağlı tədqiqat işlərini genişləndirmək, bilikləri təkmilləşdirmək, faydalı fikir və təcrübə mübadiləsi aparmaqdır.
Qeyd olundu ki, dekorativ-tətbiqi sənətin növlərindən olan bədii tikmənin qədim tarixi var. Xalqımız qədim zamanlardan öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışıb. Geyim üzərində, habelə məişət əşyalarından pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra olunub. Hazırda dünyada dekorativ-tətbiqi sənətin bədii tikmə növünü yaşadan rəssam və sənətkarlarla yanaşı, bu sahədə tədqiqatlar aparan alim və mütəxəssislər, həmçinin Azərbaycan Milli Xalça Muzeyi kimi ixtisaslaşmış mədəniyyət müəssisələri fəaliyyət göstərir.
Diqqətə çatdırıldı ki, konfransa Azərbaycan, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan tədqiqatçılar qatılıb. Sessiyalarda “Tikmə sənətində təsvir və naxışların semantikası”, “Müxtəlif ölkələrin yerli tikmə məktəbləri”, “Tikmə ənənəvi geyim bəzəyi kimi”, “Tikmələrin bərpa və konservasiyası”, “Tikmə sənəti müasirlik kontekstində”, “Müxtəlif ölkələrin lokal tikmə məktəbləri” kimi mövzular üzrə müzakirə aparılacaq.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov qədim irsin yaşadılması və gələcək nəsillərə ötürülməsində muzeylərin mühüm rolunu vurğuladı. Dedi ki, bu cür beynəlxalq tədbirlər ölkələr arasında mədəni əlaqələri daha da gücləndirir, maraqlı birgə layihələrin həyata keçirilməsi üçün yeni ideyaların yaranmasına, təkliflərin irəli sürülməsinə vəsilə olur.
Laçın şəhərinin 2025-ci il üçün “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsini mühüm hadisə kimi dəyərləndirən C.Səlimxanov xalça və tikmələrdə naxış və ənənələrin qədim və müasirlik qarşılığı bu ənənələrin toxuculuqda qorunması və muzeylərdə təbliği istiqamətində fikirlərini bölüşdü.
Dünya xalqlarının bədii tikmə ənənələri
Çıxışlarda sonra konfrans Özbəkistan Təsviri İncəsənət Qalereyasının direktoru professor Kamola Akilovanın moderatorluğu ilə “Dünya xalqlarının bədii tikmə ənənələri” mövzusunda sessiya ilə davam etdi. İrina Jukova “Rusiya naxışlarda: güləbətin tikmə sənətinin ənənələri və müasirliyi”, Mira Məmmədxanova “Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasından XVII-XVIII əsrlərə aid iki ədəd unikal tikmə haqqında”, Qazaxıstandan Bakıtgül Nurqojina “Tətbiqi sənətdə dekor etnik kimliyin əlaməti kimi” mövzularında məruzə etdilər.
Konfrans çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına yeni daxil olan XVII əsrin sonu – XVIII əsrin əvvəlinə aid bədii tikmə nümunələri də təqdim edildi. Hər iki nadir tikmə nümunəsi Qarabağ sənətkarlarının əl işidir. Kətan, yun və ipəkdən hazırlanmış birinci tikmə örtmə texnikasındadır. Bu tikmə parça üzərinə çəkilmiş rəsm vasitəsilə icra olunub. Tikmənin ara sahəsi qəhvəyi rəngdədir və mərkəzində memarlıqda geniş istifadə olunan üç böyük, iki kiçikölçülü səkkizguşəli medalyon təsvir edilib.
Digər eksponat isə Qarabağda hazırlanmış tikmənin fraqmentidir. Ara sahənin tünd-qəhvəyi rəngli yerliyində Qarabağın “Xətai” çeşnisinin bir hissəsi təqdim edilir. Kompozisiyaya xas ağ yerlikli qolların üzərində budağabənzər qarmaqvari elementlər, onların ətrafında isə stilizə edilmiş həndəsi elementlər və qoruyucu məna daşıyan əjdaha təsvirləri verilib.
Lokal tikmə məktəbləri
Konfransın “Müxtəlif ölkələrin lokal tikmə məktəbləri” adlı növbəti sessiyasında özbək mütəxəssis Kamola Akilova “Teymurilər dövründə Orta Asiya tikmələri: bədii xüsusiyyətlərin formalaşması problemi (miniatürlər və yazılı mənbələr əsasında)”, Polina Korotçikova “Dövlət Şərq Muzeyinin kolleksiyasında Qacar tikmələri” (Rusiya), ölkəmizdən Könül Zeynalova “Azərbaycan Milli İncəsənət Muzeyinin tikmə kolleksiyası” mövzusunda məruzə etdilər.
Kamola Akilova qeyd etdi ki, Teymurilər dövrünün miniatür sənət əsərlərində zadəganların geyimlərində, at bəzəklərində, interyer və çadır bəzəklərində xüsusilə qızılı tikmələri görmək mümkündür. Onlar ornamental dekorasiyanın özünəməxsusluğunu, Teymurilər dövrünün imperiya üslubunu və yerli xüsusiyyətlərini çatdıraraq Şərqin digər bölgələrinin bədii ənənələrinin təsirini əks etdirirlər.
Könül Zeynalova bildirdi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin Fond şöbəsinin tərkib hissəsi olan tikmə bölməsinin 1724 mühafizə vahidi olan eksponatlardan ibarət zəngin kolleksiyası mövcuddur.
Rusiyanın Dövlət Şərq Muzeyinin baş elmi işçisi Polina Korotçikova muzeyin fondlarında zəngin tekstil kolleksiyası qorunduğunu və bunun ən az öyrənilmiş hissəsinin Qacarlar dövrünün tikmələri və toxuculuq məmulatları olduğunu dedi. Bildirdi ki, bu məmulatlar “Süqutun təmtərağı: Qacarlar dövrünün incəsənəti” sərgisində nümayiş etdirilir və bütün bu nümunələr muzeyə 1920–1930-cu illərdə müxtəlif toplulardan daxil olub. Bunların arasında İranın Kirman, Rəşt və Yəzd bölgələrinin tikmə məktəblərini qeyd etmək olar. Bu naxışların təyinatı da müxtəlifdir: məişət əşyalarından başlayaraq mərasimlərdə istifadə edilən əşyalara qədər, ən əsas da Qacar gerbi olan məxmər panel maraq doğurur.
Tikmələrin bərpa və konservasiyası
Günün ikinci yarısında beynəlxalq konfrans “Tikmələrin bərpa və konservasiyası” mövzusunda üçüncü sessiya ilə işini davam etdirdi.
Yalçın Səlimovun moderator olduğu sessiyada İranə Allahverdiyeva “Azərbaycanda bədii ipək məmulatlarının bərpa problemləri” mövzusunda məruzə etdi. O, Azərbaycanın qiymətli bədii ipək nümunələrinin elmi bərpa və konservasiya problemləri, onların həlli məsələləri və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bu istiqamətdə görülən işlərdən və bərpa təcrübəsindən danışdı.
Olqa Konoplyovanın “Belarus Respublikası Milli Rəssamlıq Muzeyinin kolleksiyasından tikmə ilə bəzədilmiş eksponatların bərpası” və Yuliya Xrebtova, Darya Klüçnikova, Nataliya Sinin (hər üçü Rusiyadan) “Dövlət Bərpa üzrə Elmi-Tədqiqat İnstitutunun Tətbiqi incəsənət əsərlərinin elmi bərpası şöbəsində tikmə elementli muzey eksponatlarının bərpası” mövzularında məruzələri dinlənildi.
Bütün sessiyaların sonunda məruzələrlə bağlı fikir mübadiləsi aparıldı. Bununla da “Tikmə sənəti” beynəlxalq elmi konfransının birinci iş günü başa çatdı. Beynəlxalq tədbir oktyabrın 18-də başa çatacaq.
Lalə Azəri