15-17 oktyabr tarixlərində Azərbaycan Rəssamlıq Akademiyası, “Eight Group” (“Səkkizlik qrupu”) şirkətinin birgə təşkilatçılığı və Azərbaycan Rəssamlar İttifaqının (ARİ) dəstəyi ilə tələbə rəssamların COP29-a həsr olunmuş sərgi keçirilir.

“QGallery” sərgi salonunda açılan “Yaşıl dünya naminə həmrəylik” adlı sərgidə bəşəriyyətin üzləşdiyi hazırkı ekoloji böhranla əlaqədar gerçəkliyi əks etdirən rəsmlər nümayiş olunur.

Açılış mərasimində Xalq rəssamları – ARİ-nin sədri Fərhad Xəlilov, Rəssamlıq Akademiyasının rektoru professor Natiq Əliyev, akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Səlhab Məmmədov, akademik Ömər Eldarov və bu təhsil ocağının məzunu, sərginin təşkilində əməyi keçən Leyla Əzimbəyova çıxış ediblər.

Bildirilib ki, bu ilin əvvəlində Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqəyə tələbələr tərəfindən 100-dən çox əsər təqdim edilib. Akademiyanın rektoru, professor-müəllimlərin və “Eight Group”un nümayəndələrindən ibarət münsiflər heyəti həmin əsərlər arasından 21 müəllifin 33 əl işini sərgi üçün seçib.

“Səkkizlik qrupu” tərəfindən üç finalçı – Sevinc Gəncəliyeva (I yer), Banuçiçək Əhmədzadə (II yer), Fatimə Əliyevaya (III yer) pul mükafatı verilib. Əlavə fərqlənən yeddi iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunub.

Qeyd edək ki, konsepsiyasını ekologiyaya sağlam düşüncə ilə yanaşma, şüurlu istehlak və təbiətə qayğı ilə bağlı çağırışlar təşkil edilən sərgi 11-22 noyabr tarixlərində Bakıda təşkil olunacaq COP29 tədbirinə töhfədir.