Türkiyənin İzmir şəhərində təşkil olunan “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü” tədbirlərinin rəsmi açılış mərasimi və təntənəli konsert proqramı keçirilib.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü” tədbirləri İzmirin Egey Universitetinin MÖTBE Mədəniyyət Mərkəzində baş tutub.
Tədbir çərçivəsində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilib.
Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə İzmir Simpoziumlar Təşkilatı Mərkəzi və Egey Universitetinin xarici əlaqələr bölməsinin rəhbəri, dosent Yılmaz Özkaya iki qardaş ölkə arasında mədəniyyət sahəsindəki əlaqələrə diqqət yönəldib.
Ölkələrimizin ortaq dəyərləri, o cümlədən tarixin bütün mürəkkəb dövrlərində daim bir-birinə dəstək göstərdiklərini qeyd edən Yılmaz Özkaya Azərbaycanın zəngin mədəniyyətinin nəinki türkdilli ölkələr arasında, bütün dünyada maraqla qarşılandığını, Azərbaycan xalqının bəşər mədəniyyətinə böyük töhfələr verdiyini söyləyib. O, bu cür tədbirlərin milli mədəniyyətimizi tanıtmaqla yanaşı, xalqlar arasında dostluq və həmrəyliyi gücləndirdiyini bildirib.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri və mədəni əlaqələrə diqqət yönəldib, iki ölkə arasındakı çoxəsrlik dostluq və həmrəylikdən danışıb. O, milli musiqisi, rəqsləri, milli musiqi alətləri, təkrarsız muğamı, aşıq sənəti, əsrarəngiz kəlağayıları və xalçaları, dünyanı fəth edən ədibləri ilə Azərbaycan mədəniyyətinin zəngin mirasa sahib olduğunu və qardaş ölkə cəmiyyəti tərəfindən maraqla qarşılandığını vurğulayıb.
Sonra beynəlxalq müsabiqələr qalibi Həzrət Əzizlinin “Bayatı Şiraz – Xudayar Təsnifi” ifası ilə şəhid qəhrəmanlarımız anılıb. Əməkdar artist Dilarə Əliyevanın təqdimatında "Azərbaycan-Türkiyə Qardaşlığı" monoloqu səsləndirilib.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artistləri Gülyaz Məmmədova, balaban ustası Əlixan Səmədov, müğənnilər Fidan Hüseynova, İzzət Bağırov, tarzən Abdullah Qurbani, kamança ustası Möhsün Qurbani, aşıq Arzu Qurbani milli musiqilərimizi ifa ediblər.
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” Rəqs Ansamblı “Uzundərə”, “Turacı”, "Qardaşlıq rəqsi" rəqslərimizi təqdim ediblər.
Mərasimdə şəhər ictimaiyyəti, rəsmi qonaqlar, elm, təhsil və mədəniyyət sahəsinin nümayəndələri, universitetin müəllim-tələbə heyəti və digərləri iştirak ediblər.
Qeyd edək ki, “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü” tədbirləri oktyabrın 17-də İstanbulun Atatürk Mədəniyyət Mərkəzində fərqli tədbirlərlə davam edəcək.
Tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyədəki səfirliyimiz və qardaş ölkənin müxtəlif aidiyyəti qurumlarının dəstəyi ilə təşkil olunur.