Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Azərbaycan mədəniyyətinin əzəli paytaxtı və 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada keçirilən plenumu bu yaradıcılıq təşkilatının 90 illik yubileyinə həsr olunmuş ən əhəmiyyətli tədbirlərdən biri yadda qalacaq.
Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə oktyabrın 14-15-də Şuşa şəhərinə səfər edən heyətə 40 nəfər – ABİ-nin katibi Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Xalq artistləri Sərdar Fərəcov və Aygün Səmədzadə, tanınmış bəstəkar və musiqişünaslar daxil idi.
ABİ-nin fəaliyyəti ilə bağlı aktual məsələlər, həmçinin Azərbaycanda musiqi mədəniyyətinin inkişafı üçün yeni yolların müəyyən olunması plenumun əsas müzakirə mövzuları olub.
Plenum öz işinə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə simfonik orkestrin və birləşmiş kişi xorunun ifasında səslənən F.Əlizadənin “Zəfər marşı”nın videoklipinin nümayişi ilə başlayıb. Əsərin vətənpərvərlik ruhu dinləyicilərdə mübarizə əzmi yaradaraq, tədbirin gedişatının əsas məramını müəyyənləşdirib.
Plenum iştirakçılarını salamlayan Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bu gözəl diyarın bərpası naminə aparılan möhtəşəm quruculuq işlərindən və indiki tarixi dövrü yaşayaraq, şəhərdə çalışan insanların ruh yüksəkliyindən bəhs edib.
Sonra F.Əlizadə çıxış edərək səmimi qəbula görə minnətdarlığını bildirib. O, ABİ-nin tarixindən, o cümlədən 1934-cü ildə Bəstəkarlar İttifaqını yaradan dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Qarabağı təmsil edən bəstəkarların bu zəngin sənət salnaməsində rolundan ətraflı söz açıb.
Xalq artisti, bəstəkar S.Fərəcov, Əməkdar incəsənət xadimləri G.Abdullazadə, H.Babayeva və A.Quliyev, fəlsəfə elmləri doktoru M.Hacıyeva sənətşünaslıq üzrə fəlsəfə doktoru G.İsmayılova Bəstəkarlar İttifaqının fəaliyyət istiqamətləri ilə bağlı çıxış ediblər.
Tədbirdə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şuşa professional musiqidə” adlı yeni kitabının təqdimatı da olub.
Kitabda Azərbaycan bəstəkarlarının Şuşaya həsr olunan əsərləri toplanaraq, not yazıları və təhlillərlə verilib. Diqqətə çatdırılıb ki, bu gözəl diyar görkəmli bəstəkarlarımız Səid Rüstəmov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Firəngiz Əlizadə ilə yanaşı, müasir dövr bəstəkarların – Sərdar Fərəcov, Elnarə Dadaşova, Cavanşir Quliyev, Tural Məmmədli, İlahə Qismət, Sevda Məmmədli və digərləri üçün ilham mənbəyi olub və olacaqdır.
Plenumun axşam konsertini tanınmış violin ifaçısı Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin çıxışı rövnəqləndirib.
Kvartet Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və F.Əlizadənin məşhur əsərlərini mükəmməl ifa etməklə alqışlara səbəb olub. Hamıya tanış olan bu əsərlərin Şuşada səslənməsi sanki yeni rəmzi məna daşıyırdı. Təsadüfi deyil ki, kvartetin yaddaqalan çıxışından sonra plenumda iştirak edən bəstəkarlar bu musiqi marafonunu bədahətən davam etdirərək, Qarabağa və Şuşaya həsr olunmuş yeni əsərlərini royalda ifa ediblər. Bəstəkarlardan P.Axundova, E.Seyidcahan və S.Məmmədli ifaları ilə tədbirə rəngarənglik qatıblar.
Plenumun ikinci günü – 15 oktyabrda Şuşa Yaradıcılıq Mərkəzi ilə tanışlıq olub. Direktor Fəxrəddin Hacıbəyli qonaqları salamlayaraq, onları mərkəzin fəaliyyəti, “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış edib.
Xalq artisti F.Əlizadə Bəstəkarlar İttifaqının layihələri əsasında hazırlanan yeni nəşrləri mərkəzə hədiyyə edib.
Rəsmi açılış mərasiminə hazırlaşan Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinin ziyarət edilməsi də nümayəndə heyətini çox təsirləndirib. Prezidentin Şuşadakı xüsusi nümayəndəsinin müavini Elşad Əliyev ittifaqın üzvlərini maraqlı eksponatlarla tanış edib. Müxtəlif güllərlə və qədim ağaclarla əhatə olunmuş malikanə, şübhəsiz ki, dünya musiqiçilərinin ziyarət etdiyi məkana çevriləcək.
Plenum öz işini daha bir yaddaqalan məkanda – Bülbülün ev-muzeyində yekunlaşdırıb. Burada yaxın keçmişimizdə baş verən müharibənin və erməni vandalizminin izlərini, küldən doğan yeni həyatın canlanmasını görmək çox təsirli idi.
Bəstəkarlar İttifaqı heyətinin üzvləri mədəniyyət paytaxtımızdan zəngin təəssüratla qayıdıblar və bu da, şübhəsiz ki, gözəl Şuşanın tükənməz enerjisini, nəhəng yaradıcılıq yükünü əks etdirən yeni musiqi əsərlərinin, yeni elmi əsərlərin yaranmasına səbəb olacaq.