Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın beynəlxalq uğuruna həsr olunmuş tədbir keçirib.
ADMİU-nun rektoru Ceyran Mahmudova çıxışında qeyd edib ki, bu il iyulun 27-də Mədəniyyət Xadimləri Beynəlxalq Məsləhət Şurasının IV iclasında yeni “Arirang Ustadları”nın (Arirang Masters) fəxri siyahısı təsdiq olunub. 14 ölkədən 20 namizədin təsdiq olunduğu siyahıda ölkəmizi universitetin professoru, Xalq artisti Vamiq Məmmədəliyev və Aşıq sənəti kafedrasının müdiri Samirə Əliyeva təmsil ediblər. Onlar mədəni irsin qorunması və təbliğində müstəsna töhfələrinə görə bu fəxri nominasiyaya layiq görülüblər.
Rektor hər iki əməkdaşı bu münasibətlə təbrik edib, yeni nailiyyətlər arzulayıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Azərbaycan incəsənətinin bu cür mötəbər beynəlxalq platformada təmsil edilməsinin önəmini vurğulayıb.
Sonra incəsənət ustalarına beynəlxalq sertifikatlar təqdim edilib.
Vamiq Məmmədəliyev sevincini tədbir iştirakçıları ilə bölüşüb, göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə, ADMİU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib.
ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri professor Kamilə Dadaşzadə hər iki sənətkarın yaradıcılıq özəlliklərindən danışıb.
Sonda ADMİU-nun müəllim və tələbələrinin ifasında bədii proqram təqdim olunub.