Xalq rəssamı, görkəmli miniatür və qrafika ustası Arif Hüseynov Sumqayıt şəhərində fəaliyyət göstərən rəssamların qonağı olub. Yaradıcı söhbətlə zəngin görüş Sumqayıt Dövlət Rəsm Qalereyasında reallaşıb.

Bu barədə qalereyanın direktoru Ellada Həsənova məlumat verib.

Görüşdə Arif Hüseynovun geniş və rəngarəng yaradıcılıq aləmindən söz açılıb. Qeyd edilib ki, sənətkarın əl işləri Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.

Arif Hüseynov yaradıcılığı, işləmə texnikası barədə danışıb, sərgilərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib, dünya rəssamlıq sənəti haqqında fikirlərini bölüşüb.

Görüşdə rəssamların sənət uğurları, qayğıları, yeni yaradıcılıq planları, habelə milli təsviri sənətə rəssamların töhfələri barədə fikir mübadiləsi aparılıb.