Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 33-cü ildönümüdür. 1991-ci ilin bu günü ölkə parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib.
Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunmuşdu.
6 fəsildən ibarət sənədin preambulasında Azərbaycan Respublikasının 1918-1920-ci illər Xalq Cümhuriyyətinin varisi olduğu, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.
“Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununa (2021-ci il oktyabrın 15-də qəbul edilib) əsasən, 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Sözügedən qanun 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası arasında tarixi varisliyi hüquqi müstəvidə bir daha təsbit edir.
Qanunun preambulasında deyilir:
“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir”.
Mətndə o da diqqətə çatdırılırdı ki, 2021-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünü, bu bayramı ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir: “Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.
Qanunla, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğu nəzərə alınaraq, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Xatırladaq ki, bu qanunun qəbuluna qədər 28 may Azərbaycanda Respublika Günü, 18 oktyabr isə Müstəqillik Günü kimi qeyd edilirdi.
Prezident İlham Əliyev 18 oktyabr 2021-ci ildə – müstəqilliyimizin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrik müraciətində tariximizdəki bu əlamətdar günü ilk dəfə ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşıladığımızı xüsusi qeyd etmişdi. “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!” – deyə müraciətdə vurğulanırdı.
2023-cü ilin 20 sentyabrından – Azərbaycanın əzəli torpağı Qarabağda suverenliyini tam şəkildə bərqərar etməsi və uzun illər dövlətçiliyimizi təhdid etmiş davakar erməni separatizminin kökünün kəsilməsindən sonra bu şüar indi daha əzəmətlə səslənir.
Bərpasından sonra 33 yaşı tamam olan müstəqilliyimiz əbədi olsun, bir daha heç vaxt sarsılmasın!
Vüqar Orxan