Oktyabrın 17-də Füzuli Şəhəri Günündə əslən mərkəzi parkda qurulan səhnədə Füzuli rayonundan olan müğənni və ifaçıların iştirakı ilə geniş qala-konsert keçirildi.

Əvvəlcə səhnəyə çıxan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbir iştirakçılarına əlamətdar gün münasibətilə təbriklərini çatdırdı. O, Füzuli Şəhəri Gününün tarixi haqqında məlumat verərək dedi ki, azad Füzulidə artıq ikinci dəfədir "Şəhər günü" qeyd olunur: "Bu xoş günləri bizə canı-qanı bahasına yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Düz dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz böyük qəhrəmanlıq göstərərək Füzulini işğaldan azad etdi. Bir zaman abad, gözəl şəhər olan Füzulidən əsər-əlamət qalmamışdı".

Qeyd olundu ki, Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı ilə digər azad olunmuş yaşayış məntəqələri kimi, Füzuli şəhərində də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Emin Hüseynov çıxışının sonunda tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi. Dedi ki, nazirlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə rəngarəng mədəni-kütləvi tədbirlər təşkil olunur.

Sonra söz musiqiçilərə verildi. Konsertdə müğənnilər – Zamiq Hüseynov, Eldəniz Məmmədov, Elnur Məmmədli, Könül Məmmədli, Zemfira İbrahimova, Orxan Hüseynli, instrumental ifaçılar – kamançaçı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, gitaraçı Rəhman Məmmədli, pianoçu Tural Məmmədlinin ifasında xalq və bəstəkar mahnıları səsləndirildi.

Qazaxıstan Respublikasının hədiyyəsi olaraq Füzulidə tikilib istifadəyə verilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri öz rəqsləri ilə konsert proqramına əlaqə rəng qatdılar. Füzuli sakinləri və şəhərin qonaqları bütün ifaçıların çıxışlarını alqışlarla qarşıladılar.

***

Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də keçirilən növbəti Füzuli Şəhəri Günü axşam saatlarında əfsanəvi müğənni və bəstəkar Müslüm Maqomayevin ifasında lentə alınmış “Odlar ölkəsi” (sözləri: Nəbi Xəzrinin) mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla başa çatdı.

Rəngarəng sərgilər, tamaşa və kompozisiyalar, konsertlər doğma yurda qayıdışın sevincini yaşayan Füzuli sakinlərinin yaddaşında silinməz izlər qoydu.

F.Yunisli