Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində tanınmış rəssam Xəlil Əliyevin 70 illik yubileyinə həsr olunmuş fərdi sərgisinin açılışı olub. Oktyabrın 16-da keçirilən tədbirdə təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti iştirak edib.
Akademiyanın rektoru Xalq rəssamı Natiq Əliyev çıxış edərək Xəlil Əliyevin təkcə memar kimi deyil, eyni zamanda rəssamlığın müxtəlif sahələrində də fəal şəkildə yaradıcılıqla məşğul olmasını yüksək qiymətləndirib. Rəssamın memarlıq ixtisasında təhsil alan tələbələrə dərs dediyini qeyd edən rektor fərdi sərgisi münasibətilə təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıb.
Xalq rəssamları – akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru Fuad Salayev, beynəlxalq əlaqələr üzrə prorektor Səlhab Məmmədov, muzey-sərgi kompleksinin direktoru Əməkdar incəsənət xadimi Lalə Eldarova Xəlil Əliyevin rəngkarlıq və keramika işlərinin ideya-sənətkarlıq məziyyətlərindən danışıblar. Qeyd olunub ki, onun yaradıcılıq nümunələrinin əsasında sevgi və səmimiyyət dayanır.
Xəlil Əliyev çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə sərginin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. O, həyat yoldaşı, Geyim dizaynı kafedrasında dərs demiş dosent Sevil Əliyevanı yada salıb, sərginin bu sənət ocağında təşkil olunmasından, yəqin ki, onun ruhunun da şad olduğunu vurğulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə Xəlil Əliyevin qrafika, rəngkarlıq və keramikadan ibarət müxtəlif növ və janrları əhatə edən 110 əsəri nümayiş olunur.
Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Memarlar İttifaqının üzvü olan rəssamın yaradıcılığında monumental və dekorativ-tətbiqi sənət əsas yer tutur. Bununla yanaşı, o, qrafika və rəngkarlıq əsərlərinin də müəllifidir. Onu da bildirək ki, Bakı Metropoliteninin “28 May” (1990-cı illər), “Sahil” (1993) və “Nəriman Nərimanov” (1994) stansiyalarının mozaik tərtibatında Xəlil Əliyev də iştirak edib.