Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün İndoneziyanın Sunan Kalijaqa Dövlət İslam Universitetinin müəllimləri tərəfindən seminarlar təşkil olunub.

İnstitutdan bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov silsilə mühazirələrin tələbələrin dünyagörüşünə, təhsilinə müsbət təsir göstərəcəyini qeyd edib.

Rektor bu seminarların İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilmiş III Beynəlxalq Simpozium çərçivəsində Aİİ ilə İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti arasında imzalanan anlaşma memorandumuna əsasən keçirildiyini diqqətə çatdırıb.

Seminarlarda Sunan Kalijaqa Dövlət İslam Universitetinin müəllimləri “Quranda cənnət obrazı: linqvistikada analitik araşdırma”, “İndoneziya arxipelaqında yaşayış şəraitinin müxtəlifliyi”, Yoxsulluq zamanı iman: Betahvalanq, Demakda (Mərkəzi Yava, İndoneziya) sahilyanı icmaların dindarlığının və dini təcrübələrinin araşdırılması” mövzularında məruzələrlə çıxış ediblər.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının dosenti Elvüsal Məmmədov və Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov seminarlara moderatorluq ediblər.

Seminarlarda mövzular ətrafında müzakirələr aparılıb, sonda məruzəçilərə Aİİ-nin sertifikatları təqdim olunub.