Bakı Slavyan Universitetində (BSU) tərcüməçi kadr hazırlığının aktual məsələləri ilə bağlı dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Elm, təhsil və mədəniyyət idarəsinin rəhbəri Etimad Başkeçid, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri professor Rüstəm Kamal, “Şəms” tərcümə mərkəzinin direktoru Nəsimi Həsənov, “Avrasiya” tərcümə mərkəzinin direktoru Nərminə Hüseynova, media nümayəndələri, BSU-nun əməkdaşları və tərcümə ixtisası üzrə məzunları iştirak ediblər.
BSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Nailə Xəndan çıxış edərək tərcüməçilik fəaliyyəti ilə məşğul olan hər kəsi 30 sentyabr – Beynəlxalq Tərcüməçilər Günü münasibətilə təbrik edib, bu sahənin böyük maraq və yüksək məsuliyyət tələb etdiyini vurğulayıb.
BSU-nun Şərqi Avropa Dilləri fakültəsinin dekanı Kamran Hacıyev çıxışında universitetdə slavyan dillərinin tədrisinə xüsusi diqqət ayrıldığını, tərcümə ixtisası üzrə tədrisin yaradıcı istiqamət daşıdığını diqqətə çatdırıb.
Etimad Başkeçid və digər çıxış edənlər tərcüməçilik sahəsində mövcud problemlərə toxunub, mülahizələrini bölüşüblər. Tərcüməçi kadrların hazırlanması perspektivləri barədə müzakirə aparılıb.