İstanbul Universitetində 15-17 oktyabr tarixlərində keçirilən “Mədəni irsin konservasiyasında gənclər – YOCOCU” IX beynəlxalq konfransında ölkəmiz də təmsil olunub.

Konfrans Beynəlxalq YOCOCU Assosiasiyası (Roma) və İstanbul  Universitetinin təşkilatçılığı, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM) və bir sıra təşkilatların, o cümlədən Azərbaycandan  “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə gerçəkləşib. Tədbirə 20-dən çox ölkədən 120-dək alim və tədqiqatçı qatılıb.

“Mədəni irs strategiyaları: innovativ muzeylər, təhsil və qiymətləndirmə” adlı birinci bölmədə “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Şölə Bayramova “Ağsu qoruğu: arxeoloji irsin təqdimatı” mövzusunda məruzə edib. O, arxeoloji irsin mühafizəsi məsələlərinə toxunub, Ağsu qoruğunda aparılan son arxeoloji qazıntılar və qoruğun tarix-mədəniyyət abidələrindən danışıb.

Ağsu arxeoloji ekspedisiyasının rəisi professor Qafar Cəbiyev Azərbaycan arxeologiyası, Qarabağın arxeoloji abidələrinin öyrənilməsi, erməni vandalizminin nəticələri haqqında geniş məlumat verib.

Konfransın yekununda “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli Beynəlxalq YOCOCU Assosiasiyasının “Mədəni irsin yaşıl konservasiyası” VI beynəlxalq elmi-praktiki konfransının 2025-ci ildə Şuşada keçirilməsi təşəbbüsü ilə çıxış edib və təklif assosiasiyanın idarə heyətinə təqdim olunub.