Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının baş müəllimi gənc tədqiqatçı Elnur Nəciyevin “Səfəvi dövlətinin əhalisi” monoqrafiyasının təqdimatı keçirilib.
BMU-dan bildirilib ki, tədbirdə çıxış edən elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov monoqrafiyanın əhəmiyyətindən, belə tədqiqatların tariximizin araşdırılmasında, eləcə də Azərbaycanın qədim torpaqları, əhalisi, mədəniyyəti ilə bağlı həqiqətlərin üzə çıxarılmasında mühüm rolundan danışıb. Kitabı tələbələr üçün faydalı mənbə adlandıran prorektor BMU əməkdaşlarının bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.
Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Səfəvilər dövlətinin yaranması və inkişafının Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olmasını önə çəkib, kitabın gənclərin milli ruhda yetişməsində böyük rol oynayacağını söyləyib.
Təqdimata virtual olaraq qoşulan nəşrin elmi redaktoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov kitabı dövlətçilik tariximizin öyrənilməsi üçün mühüm tədqiqat işi kimi xarakterizə edib və müəllifə uğurlar arzulayıb.
Sonra kafedranın professorları Şikar Qasımov, Abbas Seyidov və digərləri çıxış ediblər. Çıxışlarda orta əsr Azərbaycan dövlətlərinin, o cümlədən tarixi torpaqlarımızı ilk dəfə vahid mərkəzləşdirilmiş dövlət halında birləşdirməyə nail olan Azərbaycan Səfəvi dövlətinin əhali tarixinin öyrənilməsinin aktuallıq kəsb etdiyi vurğulanıb, bu baxımdan nəşrin önəminə diqqət çəkilib.
Sonda kitabın müəllifi Elnur Nəciyev monoqrafiyada Səfəvi dövlətinin əhalisinin ilk dəfə tarixi demoqrafik baxımdan işıqlandırıldığını nəzərə çatdırıb.