Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil edilən bədii yaradıcılıq müsabiqə-festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Mühəndislik Universitetinin (BMU) Bədii yaradıcılıq bölməsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın təşkilatçılığı ilə müsabiqədə iştirak edən tələbələr qaliblər sırasında yer alıblar.

BMU-dan bildirilib ki, şəhərsalma ixtisasının 3-cü kurs tələbəsi Aysu Cəbrayılova “Vokal” nominasiyası, informasiya texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi Gülər Həmzəyeva “Bədii qiraət” nominasiyası, elektrik və elektronika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Günay Nuruyeva isə “Solo rəqs” nominasiyası üzrə müsabiqədə III yerlərə layiq görülüblər.

Tədbirdə qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunan müsabiqə-festivalda 26 ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər.