Kitab illüstrasiyası ənənəsini təbliğ edən müsabiqə
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında “Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsi elan olunub.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Xətai Sənət Mərkəzindən bildirilib ki, iştirakçılar uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan hər hansı bir səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür təsvirlərlə müsabiqəyə qoşula bilər.
Hər müəllif müsabiqəyə 2 əsər göndərə bilər. Münsiflər tərəfindən seçilmiş 100 əsər sərgilənəcək. Sərgidən seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzinin daimi ekspozisiyasında iki həftə nümayiş olunacaq.
Sərgilənən əsərlərin müəlliflərinə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.
Əsərlər dekabrın 10-dək mutalieruhu@gmail.com ünvanına göndərilməlidir. Əlavə məlumat üçün (051) 310-74-01 vatsap nömrəsinə yazaraq cavab almaq olar.