Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Müasir təhsil və mənəvi-əxlaqi tərbiyənin aktual problemləri: beynəlxalq təcrübə və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilib.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Firuzə İkramxanova qonaqları və iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Konfransda Azərbaycan, Fransa, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan alimləri, bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, aspirantlar iştirak ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində dilimizi tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Təhsil sahəsində əməkdaşlıq və perspektivlər” mövzusunda çıxış edib. O, Azərbaycanda hər bir sahədə olduğu kimi, təhsil sektorunda da müşahidə olunan inkişaf tendensiyasından söhbət açaraq ölkəmizdə yeniyetmə və gənclərə dövlət qayğısından, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında layiqli şəxsiyyət kimi yetişməsində təhsil müəssisələrinin rolundan danışıb.
Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin genişlənməsi fonunda təhsil və mədəniyyət sahəsindəki əlaqələrin də dərinləşdiyini diqqətə çatdıran alim çalışdığı ali təhsil müəssisəsinin Azərbaycandakı ali təhsil ocaqları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Sonda konfrans iştirakçıları təhsil müəssisələrindəki təlim-tərbiyə üsulları, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, pedaqoji fəaliyyətin düzgün qurulması təcrübələr barədə fikir mübadiləsi aparıblar.