“Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”na dəyişiklik edilib
“Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli Qərarında dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2024-cü il tarixli 458 nömrəli Qərarını imzalayıb.
Qərarla 2016-cı il 5 oktyabr tarixdə təsdiq edilmiş “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın müvafiq bənd və hissələrində “akademik” sözündən sonra “beynəlxalq” sözü əlavə edilib.
“Beynəlxalq” status müvafiq meyarlar nəzərə alınmaqla verilir. O cümlədən konsert müəssisələri üzrə tərkibində ən azı 2 kollektivi olan; beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu olan; dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri, müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları, diplomatik nümayəndəlikləri ilə birgə əməkdaşlıq edən, tərkibində səsyazma və ya video studiyaları yaradan və kimi digər meyarlara cavab verən mədəniyyət təsisatına “Beynəlxalq” statusu verilə bilər.
Həmçinin 2016-cı il 5 oktyabr tarixli Qərarla təsdiq edilmiş “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr” üzrə müvafiq dəyişiklik edilib.
***
“Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası”nın və “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 382 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1700 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “Mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi Qaydası” üzrə:
1.1. 1.2-ci bəndə və 3-cü hissənin adına “akademik” sözündən sonra “, beynəlxalq” sözü əlavə edilsin;
1.2. 2.1.2.8-ci yarımbənddə “Yunesko” sözü “UNESCO” abreviaturası ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. “Beynəlxalq” status aşağıdakı meyarlar nəzərə alınmaqla verilir:
2.2-1.1. konsert müəssisələri üzrə:
2.2-1.1.1. tərkibində ən azı 2 kollektivi olan;
2.2-1.1.2. beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu olan;
2.2-1.1.3. əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;
2.2-1.1.4. vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;
2.2-1.1.5. dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri, müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları, diplomatik nümayəndəlikləri və konsulluqları ilə birgə əməkdaşlıq edən;
2.2-1.1.6. muğam, aşıq sənəti və xalq musiqisi ilə bağlı müxtəlif səpkili beynəlxalq və yerli səviyyəli tədbirlər (festival, müsabiqə, konsert, ustad dərsləri, elmi konfranslar, seminarlar, mühazirələr, simpoziumlar, dəyirmi masa və s.) təşkil edən və bu cür tədbirlərdə iştirak edən;
2.2-1.1.7. Azərbaycanın bölgələrinə və ölkə xaricinə mütəmadi qastrol səfərləri təşkil edən;
2.2-1.1.8. UNESCO çərçivəsində milli mənəvi dəyərlərin qorunmasında və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən;
2.2-1.1.9. müxtəlif layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş kitablar nəşr edən, həmin kitabların xarici dillərə tərcüməsini həyata keçirərək təqdimatını reallaşdıran;
2.2-1.1.10. tərkibində səsyazma və ya video studiyaları yaradan;
2.2-1.1.11. asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.”;
1.4. 4-cü hissənin adına “akademik” sözündən sonra “, “beynəlxalq” sözü əlavə edilsin;
1.5. 4.1-ci bəndə “Akademik” sözündən sonra “, “Beynəlxalq” sözü əlavə edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr” üzrə:
2.1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
2-1. “Beynəlxalq” status almış müəssisələr üzrə:
2-1.1. 1-4-cü dərəcələr - 55 manat 2-1.2. 5-7-ci dərəcələr - 90 manat 2-1.3. 8-11-ci dərəcələr - 120 manat 2-1.4. 12-15-ci dərəcələr - 160 manat 2-1.5. 16-17-ci dərəcələr - 200 manat 2-1.6. 18-19-cu dərəcələr - 280 manat |
2.2. “Qeyd”inə “Akademik” sözündən sonra “, “Beynəlxalq” sözü əlavə edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 oktyabr 2024-cü il
№ 458