AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar hesabına Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.
Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, tarix boyu türk mənşəli xalqlar və etnik qruplar Azərbaycandan keçməklə fərqli ərazilərdə yayılmış, öz mədəniyyətlərini qurmuş və inkişaf etdirmişlər. Tarixi prosesin sonrakı dövrlərində də Azərbaycan ilə qonşu türk xalqları arasında mədəni əlaqələr davam etmiş, nəticədə bədii üslub oxşarlığı meydana çıxmışdır. Bunu memarlıqda, təsviri və dekorativ-tətbiqi sənətdə, musiqi mədəniyyətində aydın görmək mümkündür. Yeni dövrdə Azərbaycan incəsənəti qonşu türk xalqlarının mədəniyyətinə xeyli təsir göstərib, onların inkişafına öz töhfəsini verib.
Akademiyanın rəhbəri diqqətə çatdırıb ki, çoxəsrlik qarşılıqlı əlaqələr, bədii üslub oxşarlığı, həmçinin müasir dövr elmi və mədəni münasibətləri genişmiqyaslı sənət əsərlərinin, memarlıq nümunələrinin, tarixi-nəzəri materialların meydana çıxmasına səbəb olub.
Qeyd olunub ki, onların sistemli şəkildə araşdırılması, təhlili, eyni zamanda təsnifatının aparılması, sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsinin yaradılması zərurətini aktuallaşdırıb.