Həyatın yenidən canlandığı işğaldan azad olunan Füzuli şəhərində artıq təhsil və incəsənət də inkişaf etməkdədir. Şəhərdə şagirdlərin orta təhsili ilə bərabər, məktəbdənkənar asudə vaxtlarının səmərəli keçməsi üçün Yaradıcılıq Mərkəzi də fəaliyyət göstərir. Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev tərəfindən Qazax xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi məktəblilərin incəsənət sahəsi üzrə inkişafında əhəmiyyətli rol oynayır.

AZƏRTAC-ın bölgə müxbiri Yaradıcılıq Mərkəzinə baş çəkib, müəllim və şagird kollektivi ilə görüşüb.

Haşiyə: Füzuli şəhərində inşa edilən və Qazax xalqının hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə istifadəyə verilib. Mərkəzin tikintisi Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini bildirib.

Yaradıcılıq Mərkəzi 2024/2025-ci tədris ilindən qapılarını müəllim və şagirdlərin üzünə açıb. Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır.

Keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alan şagirdlərin də sayı artır. Mərkəz mart ayında 25 şagird və 5 müəllimlə fəaliyyətə başlamışdısa, hazırda şagirdlərin sayı 150-yə, müəllimlərin sayı isə 10-a çatır. Burada uşaqların incəsənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Hazırda fortepiano, qanun, qarmon, tar, violin, rəqs, xalçaçılıq, muğam ifaçılığı və digər ixtisaslar üzrə tədris həyata keçirilir.Mərkəzin mədəni təşkilatlar üzrə əməkdaşı Türkan Axundova ilə söhbət edirik. Deyir ki, Füzulidə yaşamaq və burada uşaqların həyatının formalaşmasına dəstək olmaq çox qürurverici hissdir: “Füzulidən məcburi köçkün düşəndə yaşım az idi. Valideynlərimin Füzulidən ürəkağrısı ilə danışdıqlarına qulaq asır və kövrəlirdik. Amma inanırdıq ki, doğma yurdumuza qayıdacağıq və belədə oldu, həmin arzular reallaşdı. Bir vaxtlar uşaqlıq illərimizin, xoşbəxtliyimizin yarım qaldığı yerdə indi övladlarımız böyüyür, firavan həyat yaşayırıq. Sağ olsun dövlətimiz, burada bizim üçün hər bir şərait yaradıb”.

Türkan xanım yaradılan şəraitdən həvəslə danışır, hərdən də yanından ötüb keçən uşaqların başlarına sığal çəkir. “Şagirdlərimiz dərsdən sonra Yaradıcılıq Mərkəzində incəsənətin sirlərini öyrənirlər. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstan ilə Azərbaycanın, xalqlarımızın dostluq, qardaşlıq rəmzi sayılır. Bu mərkəz Füzuli şəhərində yaşayan uşaq və yeniyetmələrin incəsənət sahəsi üzrə inkişafında mühüm əhəmiyyətə malikdir. Bir ilə yaxındır ki, fəaliyyət göstərən mərkəzimizdə hər bir şərait var. Burada heykəltaraşlıq, rəssamlıq, rəqs, musiqi, xalçaçılıq dərsləri də keçirilir”, - deyə o əlavə edir.

Yaradıcılıq Mərkəzində idman zalı, mühazirə otağı, robotexnika və 3D modelləşdirmə, həmçinin digər kabinetlər də var. Dərnəklərin sayı artdıqca, şagirdlərin də sayı artır. Burada çalışan müəllimlər arasında Füzuli şəhər sakinləri ilə bərabər, ətraf kəndlərdən də gələnlər var. “Bir sözlə, Füzulidə həyat yenidən başlayıb. Bu gözəl günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza, qüdrətli ordumuza minnətdarıq. Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram”, - deyən Türkan xanım Mərkəzin pəncərəsindən ətrafa boylanır. Tənəffüs fasiləsi olduğundan həyətdə uşaqlar bir-biri ilə deyib-gülür, əylənirdilər. Türkan xanımın sevinci gözlərindən oxunurdu...

Nailə Tahirova da Füzuliyə qayıdan sakinlərdəndir və mərkəzdə çalışır. Deyir ki, burada təhsil alan şagirdlərin əl işləri Füzulidə keçirilən tədbirlərdə sərgilənir. Həmçinin Mərkəzin “Fidanlar” adlı rəqs qrupu da var və tez-tez tədbirlərə dəvət alır.

Söhbət rəqsdən düşmüşkən, Adil Musayev burada uşaqlara əsasən, milli rəqsləri öyrədir və bu işi qürurla, həvəslə görür. “1968-ci ildə Füzuli şəhərində anadan olmuşam. Erməni işğalı nəticəsində doğma torpaqlarımızdan məcbur köçkün düşdük, çətin illər yaşadıq. Nəhayət, yurdumuz azad olundu, elimizə-obamıza qayıtdıq. Burada istedadlı uşaqlardan rəqs qrupu da yaratmışıq. Əvvəl qrupumuzda 20 şagird var idisə, indi onların sayı çoxalıb. Üç qrup var və hər birində 30-dan çox şagird. Onu da deyim ki, qısa müddət olmasına baxmayaraq, bacarıqlı şagirdlər yetişdirmişik”, - deyə Adil müəllim şagirdlərindən həvəslə danışır.

Uşaqlara yaxınlaşıram. Onların çöhrəsindəki sevinc bu torpaqlarda firavan həyatın başlanmasının əlamətidir. Sona Bağırlı, Əli Həzizadə, Zülfiyə Orucova, Nazlı Süleymanzadə, Mədinə Ağayarlı və digərləri təhsillərini Füzuli şəhərində, ata-baba yurdlarında davam etdirirlər. Bu uşaqlar ayrı-ayrı vaxtlarda, ayrı-ayrı bölgələrdən köçüb gəlsələr də indi bir-biriləri ilə yaxın dostluq əlaqələri qurublar. Şəhərdəki gözəl binalarda yaşayan bu balacalar bildirirlər ki, asudə vaxtları olan kimi parkda gəzintiyə çıxır və dostları ilə əylənirlər.

“Bizim üçün bu torpaqlar ata-baba yurdu olmaqla yanaşı, həm də çox müqəddəsdir, çünki şəhərə baxdıqda, burada necə ağır döyüşlərin getdiyini hiss etmək olur, hər bir qarışında şəhidlərimizin qanı var. Ona görə də Vətənimizə, xalqımıza, dövlətimizə layiqli övlad olaraq böyüməyə çalışırıq”, - deyir Füzuli şəhərinin bu balaca sakinləri. Onların bu sözləri məni qürurlandırır. Bəli, 30 il düşmən tapdağı altında qalan və xarabalığa çevrilən Füzuli şəhərində indi vətənpərvər və istedadlı uşaqlar yetişir. O uşaqlar ki, özləri balaca olsalar da, arzuları böyükdür... Elə bu arzularla da Yaradıcılıq Mərkəzindən xoş duyğularla ayrılıram.