Oktyabrın 24-də Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: botanika, ekologiya və yaşıl şəhərlər” mövzusunda forum keçirilib.
Forum Elm və Təhsil Nazirliyi, Botanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Mərkəzi Nəbatat Bağı PHŞ, Dendrologiya Bağı PHŞ və “Azərbaycan Botaniklər Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirin açılış mərasimində rəsmilər, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva qonaqları və iştirakçıları salamlayıb. Professor çıxışına Prezident İlham Əliyevin “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır” fikirləri il başlayıb.
Direktor deyib ki, Azərbaycanda keçirilən COP29 çərçivəsində “Müharibə gedən ölkələrdə ekosistemlərə dəyən ziyanın qiymətləndirilməsi və bərpası ittifaqı”nın yaradılması təklifinin irəli sürülməsinin məqsədəuyğundur: “Sözügedən ittifaq üzvləri tərəfindən müharibə gedən ölkələrdə ekosistem və biomüxtəlifliyə dəymiş ziyan hesablanmalı, ətraf mühitdə emissiyanın artımı dəqiqləşdirilməli, meşə və yaşıllıqların azalması müəyyənləşdirilməli və hər biri üçün ziyan verən tərəfə cərimələr tətbiq edilməlidir. Bu eyni zamanda planetimizin qorunmasına xidmət edəcək”.
Sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Aysel Qəribli, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, ADPU-nun prorektoru professor Mahirə Hüseynova, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, Mərkəzi Nəbatat Bağı PHŞ-nin idarə heyətinin sədr müavini Natiq
Allahverdiyev, Dendrologiya Bağı PHŞ-nin idarə heyətinin sədr müavini dosent Samirə Bağırova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Çelyabinsk Dövlət Universitetinin Geoekologiya və ətraf mühitin idarə edilməsi kafedrasının müdiri dosent Dmitri Dvinin çıxış edərək forumun işinə uğurlar arzulayıblar.
Açılışdan sonra forum 12 istiqamət üzrə 3 paneldə plenar iclaslarla davam edib.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikat təqdim olunub. Forum geniş dəyirmi masa və təbiətə ekskursiyalarla başa çatıb.