Ərtoğrol Cavidə həsr olunan kitab təqdim olunub
Hüseyn Cavidin Ev-Muzeyinin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının dahi şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin (1919-1943) anadan olmasının 105 illiyi münasibətilə “24 illik əbədiyyət” adlı kitabı çapdan çıxıb.
Oktyabrın 22-də, Ərtoğrol Cavidin doğum günündə Cavidlər ocağında kitabın təqdimatı keçirilib.
Muzeyin əməkdaşları Cəmilə Rzayeva, Jalə Zeynalova və Laçın Kəngərli çıxış edərək nəşr haqqında məlumat verib, Ərtoğrol Cavidin həyat və yaradıcılığından danışıblar.
Qeyd olunub ki, kitab 24 illik qısa ömründə adını mədəniyyət tariximizə həkk etdirmiş Ərtoğrol Cavidin nakam həyat salnaməsi haqqındadır. Nəşrdə müəllifin 2011–2024-cü illərdə Ə.Caviddən bəhs edən “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi”, “Ərtoğrol Cavidin folklorşünaslıq fəaliyyəti”, “Sinkretik təfəkkürlü araşdırıcı” və s. istiqamətlər üzrə tədqiqatlarının nəticəsi olan məqalələri yer alıb.
Diqqətə çatdırılıb ki, Ə.Cavidin anadan olmasının 105 illiyi münasibətilə onun müəllifi olduğu “Eqoistin taleyi” pyesi alman və ingilis dillərinə tərcümə edilərək nəşrə hazırlanır.
Çıxışlardan sonra tədbir iştirakçıları Ərtoğrol Cavidə həsr edilmiş sərgi ilə tanış olublar.