Milli Kitabxananın direktor müavini beynəlxalq konqresdə təqdimat edib
Oktyabrın 24-də Minsk şəhərində “Kitabxana mədəniyyət fenomeni kimi” adlı XI Beynəlxalq konqres keçirilib. Ənənəvi tədbir bu il Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr edilib.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova da iştirak edib.
Milli Kitabxanadan verilən məlumata görə, Ədibə İsmayılova “Milli musiqi irsimizin rəqəmsal dövrdə təbliği” mövzusunda məruzə və təqdimatla çıxış edib. O, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan milli musiqimizin qiymətli inciləri, unikal “Səsyazıları fondu“, Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl fondu”, həmçinin milli musiqi irsimizin mühafizəsi və rəqəmsal dövrdə təbliği istiqamətində keçirilən layihələrdən söz açıb.