Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Musiqi kimliyimiz” layihəsinin növbəti buraxılışı Aşıq Molla Cümənin (1854-1920) 170 illiyinə həsr olunub.

Layihənin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq musiqi məktəbi, Zərif Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdləri çıxış ediblər. Onların ifasında “Baş şəşəngi”, “Dost mehriban ya bir ola, ya iki”, “Ay bala gəlin”, “Yaşa, Azərbaycan!”, eləcə də “Paşa köçdü”, “Gödək donu” və “Baş dübeyti” havaları səsləndirilib.

Layihənin ikinci günü Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində konsert proqramı keçirilib. Gəncə şəhər Bülbül adına 3 saylı Uşaq musiqi məktəbi və şəhər Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında aşıq havaları və xalq mahnıları təqdim olunub.

Layihənin bağlanış mərasimində isə Bəxtiyar Qənbəroğlu, Əfqan Məmmədov, Elbrus Hüseynov, Qalib Babaxanov, Saleh Tağıyev, Bəhruz Bağırov, Qənbər Allahverdiyev, Yaşar Məhərrəmov, Firəddin Mehdiyev, Ərəstun Kamalovun ifasında “Şərili”, “Şəqayi gəraylı”, “Təbriz gəraylısı”, “Ovşarı”,  “Naxçıvanı”, “Baş Sarıtel”, “Kərəm gözəlləməsi”, “Koroğlu dübeytisi” və “Hüseyni” saz havaları səsləndirilib.

Qeyd edək ki, “Musiqi kimliyimiz” layihəsində bundan əvvəl Aşıq Ələsgər və Aşıq Şəmşir yad olunmuşdu.