Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Regionun sevimli qonağı" layihəsi çərçivəsində oktyabrın 22-də Qax rayon Heydər Əliyev Mərkəzində tanınmış şair, nasir, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslanovla oxucuların görüş keçirilib.

Görüşdə mədəniyyət işçiləri və poeziyasevərlər iştirak ediblər.

Tədbirdə şairin bir sıra şeirləri səsləndirilib, müəllif oxucuların suallarını cavablandırıb.

Sonda şair kitablarından bir neçəsini oxucular üçün imzalayıb.

Vaqif Aslanov 1950-ci il 5 iyul tarixində Şəkinin Kiş kəndində anadan olub. 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) Fransız və Azərbaycan dilləri fakültəsini bitirib. 1973–1993-cü illərdə Kiş kənd orta məktəbində müəllim işləyib. 1994–1997-ci illərdə Şəki Regional Elmi Mərkəzində “Folklor və el sənətləri” laboratoriyasının rəhbəri olub.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədridir.

Ədəbi fəaliyyətə “Vaqif Aslanov”, “Vaqif Cumayoğlu” imzaları ilə gəlmişdir. 1970-ci illərin ortalarından “Vaqif Aslan” təxəllüsü ilə tanınmağa başlayıb. Elmi-ədəbi
məqalələr müəllifidir.

İlk mətbu şeiri 1967-ci il Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilib. Türkoloq-alim Aydın Məmmədova həsr edilmiş “Aydın” poeması 1993-cü ildə nəşr olunub.

Vaqif Aslan fransız dilindən Pol Verlenin şeirlərini, Öjen Dabinin "Tətil" hekayəsini, Erve Bazənin "Rədd olsun şapkalar!" hekayəsini, Jan Batist Şardənin "Səyahətnamə" və Jermen Giyomun "XVII əsrdən XIX əsrin əvvəllərinədək Fransa və İran arasındakı bədii mübadilədə səfirliklərin rolu" əsərlərini dilimizə tərcümə edib.