Moskvanın Şimal İnzibati Dairəsinin Aeroport rayonunda, keçmiş “Bakı” kinoteatrının binasında “Görüş yeri Bakı” regional mərkəzi açılıb.
Bu barədə Rusiya paytaxtının Şəhərsalma siyasəti departamentinin mətbuat xidməti məlumat yayıb.
Moskva Hökumətinin naziri, Moskva şəhərsalma siyasəti departamentinin rəhbəri Vladislav Ovçinski qeyd edib ki, burada müxtəlif mühazirələr oxunacaq, ustad dərsləri, xoreoqrafiya, vokal, şahmat və digər istiqamətlər üzrə dərslər keçiriləcək.
“Yenilənmiş binanın sahəsi 13 min kvadratmetrdən çoxdur. Mərkəz dördmərtəbəlidir. Noyabrda burada moskvalılar üçün çoxfunksiyalı və mədəni-istirahət mərkəzinin açılması planlaşdırılır, binada onlar müxtəlif mühazirələr, ustad dərsləri, xoreoqrafiya, vokal, şahmat və digər istiqamətlər üzrə dərslərdə iştirak edə biləcəklər”, – deyə o bildirib.
Xatırladaq ki, “Bakı” kinoteatrı 1974-cü ildə tikilib. Binanın dizaynında ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub.