İki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb

 

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Kitabxanası bundan sonra daha sıx əməldaşlıq edəcək. Oktyabrın 25-də BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində Milli Kitabxananın xüsusi auditoriyasının açılışı keçirilib. Həmçinin iki qurum arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mərasimdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ziyalılar və alimlər iştirak ediblər.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar.

Sənəddə müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, eləcə də rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsi, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, Milli Kitabxananın elektron arxivlərinə BDU-nun təhsilalan və tədqiqatçılarının çıxışının təmin edilməsi nəzərdə tutulur.

Eyni zamanda memorandumda Azərbaycan elmi, tarixi, mədəni irsi ilə bağlı mövzularda müxtəlif səpkili birgə tədbirlərin təşkili, müştərək nəşr layihələrinin həyata keçirilməsi əksini tapıb. Bundan əlavə, kitab fondlarının birgə istifadəsi, kitab mübadiləsi və yeni elmi ədəbiyyatın təmin edilməsi, xüsusilə nadir kitabların, arxiv materiallarının tədqiqi və mühafizəsi sahəsində əməkdaşlıq da sənəddə qeyd olunub.

Mədəniyyət naziri Adil Kərimli mərasimdə çıxış edərək BDU-da Milli Kitabxananın xüsusi auditoriyasının açılmasının elm, təhsil və mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı prioritetlərimizdən biridir. Bu auditoriyadan universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq”.

Nazir çıxışında həmçinin son illərdə BDU-da magistratura səviyyəsində mədəniyyət hüququ ixtisaslaşmasının yaradılmasının əhəmiyyətini də yüksək qiymətləndirib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetdə müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Xüsusi auditoriyanın açılışı ilə yanaşı, BDU və Azərbaycan Milli Kitabxanası arasında bu gün imzalanan anlaşma memorandumu da əməkdaşlıq baxımından yeni imkanlar yaradır.

Kərim Tahirov bundan sonra Milli Kitabxananın kitabxana işinə dair nəşrlərinin, biblioqrafik vəsaitlərin təqdimatlarının bu auditoriyada da keçiriləcəyini, fakültə müəllimlərinin və tələbələrinin təqdimat zamanı irəli sürdüyü təkliflərin gələcək nəşrlərdə nəzərə alınacağını bildirib. Qeyd olunub ki, kitabxana tərəfindən auditoriyanın yeni nəşrlərlə mütəmadi təmin edilməsi diqqətdə saxlanılacaq.