Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış opera müğənnisi, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Şahlar Quliyev 2024-cü il oktyabrın 26-da, 78 yaşında vəfat edib.

Şahlar Həsənağa oğlu Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu ixtisası üzrə təhsil alıb, daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA, professor E.Quliyevanın sinfi) bitirib.

Vokal sənətimizin gözəl səslərindən (bariton) olan Şahlar Quliyev 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti idi. O, 30 ildən artıq aparıcı səhnə ustası – yüksək kateqoriyalı solist-vokalçı kimi teatrın repertuarındakı əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Gəlin qayası”nda Xan, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Riqoletto”da Monterone, “Toska”da Skarpia, “Payatsı”da Tonio, “Bohema”da Şonar kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.

Şahlar Quliyevin vokalçı kimi repertuarında Aslan şah partiyasının xüsusi yeri var. Sənətkar 2016-c ilin noyabrında Akademik Opera və Balet Teatrında özünün 70 illik yubileyinə həsr olunmuş tamaşada məhz həmin bu rolla səhnədə son çıxışını etmişdi.

Şahlar Quliyevin Azərbaycan mədəniyyətinə, vokal ifaçılıq sənətinə töhfələri dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, 1991-ci ildə respublikanın “Əməkdar artist”i, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdü. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Şahlar Quliyevin vəfatı ilə əlaqədar sənətkarın ailəsinə və yaxınlarına, eləcə də musiqi və teatr ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.