AMEA Rəyasət Heyətində Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, akademik Akif Əlizadənin 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib. Mərasim iştirakçıları əvvəlcə foyedə yubilyarın elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Akademiyadan bildirilib ki, elmi sessiyanı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yubilyarın mənalı və şərəfli həyat yolundan, elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, görkəmli alim ölkəmizdə və beynəlxalq aləmdə geologiya sahəsində elmi məktəb yaradıb, elmi yaradıcılıq fəaliyyəti ilə yüksək təşkilatçılıq işini və vətəndaşlıq missiyasını üzvi surətdə əlaqələndirməyi bacarıb.

AMEA prezidenti İsa Həbibbəyli akademik Akif Əlizadənin həyatını bütünlüklə paleontologiyaya sahəsinə həsr etdiyini bildirib. Diqqətə çatdırıb ki, Yer kürəsinin Mezozoy qatında baş verən proseslərin geopaleontoloji baxımdan tədqiqi Akif Əlizadənin çoxillik araşdırmaları ilə yeni bir dərinlik qazanıb. Alimin özünəməxsus paleontoloji metodları sayəsində geologiya ilə yanaşı, coğrafiya, zoologiya, biokimya elmlərinin kompleks tətbiqi əsasında və riyazi elementlərin cəlb edilməsi vasitəsilə Yer təkinin daha dəqiq öyrənilməsinin möhkəm elmi əsasları yaradılıb. Akademik Akif Əlizadənin əsərlərində Azərbaycan elmində ilk dəfə olaraq böyük bir coğrafiyanın geopaleontozoologiyası sistemli şəkildə tədqiq olunaraq ümumiləşdirilib. Bundan başqa, Qafqazın Azərbaycan hissəsinin geopaleontozoologiyasının elmi əsaslarla tədqiqi böyük alimin adı ilə bağlıdır.

Qeyd olunub ki, akademik Akif Əlizadənin həyatı 1957-ci ildən etibarən Elmlər Akademiyası ilə bağlıdır. O, akademik yolun bütün mərhələlərini uğurla keçib, dərin biliyi və geniş dünyagörüşü ilə laborantdan AMEA-nın prezidenti vəzifəsinədək yüksəlib. Görkəmli alim Elmlər Akademiyası sistemində ən gənc elmlər namizədi və elmlər doktoru, ən cavan institut direktoru kimi ilklərə də imza atıb. O, 48 ildir ki, Geologiya və Geofizika İnstitutuna rəhbərlik edir.

Görkəmli alimin çoxillik elmi-təşkilati fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyən akademik İsa Həbibbəyli onun “Əməkdar elm xadimi” fəxri adına, Dövlət mükafatına layiq görüldüyünü, “Şöhrət”, “Şərəf”, “İstiqlal”, I dərəcəli “Əmək” ordenləri ilə təltif edildiyini xatırladıb. O, Prezident İlham Əliyevin 2024-cü il 25 fevral tarixli Sərəncamı ilə akademik Akif Əlizadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri bu Sərəncamın Azərbaycan elminə verilən qiymətin ifadəsi olduğunu bildirib, Azərbaycan alimləri adından elmimizə, elm adamlarına verdiyi yüksək dəyərə görə ölkə rəhbərinə təşəkkür edib.

AMEA prezidenti yüksək dövlət mükafatını - “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib. O, həmçinin AMEA-nın Fəxri fərmanını akademik Akif Əlizadəyə təqdim edib.

Sonra AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev “Akademik Akif Əlizadə - alim, novator və elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, akademik Akif Əlizadə ölkəmizdə elm və təhsilin inteqrasiyasına xüsusi diqqət yetirib, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidisiplinar biliklərin tədrisi istiqamətində mühüm işlər həyata keçirib.

Tədbirdə, həmçinin Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Vasif Babazadənin “Endogen metallogeniyanın problemləri”, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirovun “Qafqazın müasir geodinamikasının öyrənilməsində Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiya İnstitutu ilə uzunillik əməkdaşlığı” və Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatovun “Azərbaycanda paleontoloji və stratiqrafik elmi tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda məruzələri dinlənilib.

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, “Azərbaycan İnterneşnl Mayninq Compani Limited” (AİMK) şirkətinin baş vitse-prezidenti Fərhəng Hedjazi və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək akademik Akif Əlizadəni 90 illik yubileyi münasibətilə təbrik ediblər.

Tədbirdə, həmçinin xarici ölkələrdən görkəmli alimlərin yubilyara ünvanlanmış təbrik məktubları səsləndirilib, videotəbriklər nümayiş olunub.

Akademik Akif Əlizadə mənsub olduğu nəslin bütün sahələrdə dəstəklənməsində Ulu Öndər Heydər Əliyevin böyük diqqət və qayğısından söz açıb. Vurğulayıb ki, bu gün Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda akademik Akif Əlizadənin həyat yolunu əks etdirən “Elmə həsr olunmuş ömür” filmi nümayiş etdirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, komitə və şirkətlərin, ali təhsil müəssisələrinin və beynəlxalq təşkilatların rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.