AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən biri, böyük mütəfəkkir, istedadlı şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun (1794-1847) 230 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Oktyabrın 25-də gerçəkləşən tədbiri giriş nitqi ilə institutun direktoru akademik Teymur Kərimli açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. Alim çıxışında ensiklopedik biliyə malik bu dahi şəxsiyyətin elmi yaradıcılığından, onun Azərbaycan tarixşünaslığının inkişafındakı əvəzsiz rolundan bəhs edib.

Sonra institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d. Nailə Səmədova “A.Bakıxanov arxivinə bir nəzər”, həmin şöbənin əməkdaşları – aparıcı elmi işçi, fil.ü.f.d. Afaq Əliyeva “A.Bakıxanovun şəxsi kitabxanalarının taleyi haqqında”, aparıcı elmi işçi, fil.ü.f.d. Aytən Quliyeva “A.Bakıxanov irsi müasir tədqiqatlarda”, böyük elmi işçi Aytən İmanova “A.Bakıxanovun maarifçilik görüşləri Əlyazmalar İnstitutundakı arxiv materialları əsasında” və elmi işçi Xanımbacı Məlikzadə “A.Bakıxanovun lirikası” mövzularında məruzə ediblər.

Daha sonra institutun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix e.d. Tahirə Həsənzadənin, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi fəl.e.d., dosent Zəkiyyə Əbilovanın və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi İradə Vəzirovanın məruzələr ətrafında çıxışları dinlənilib.

Sonda tədbir iştirakçıları institutun ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı “Abbasqulu ağa Bakıxanov – 230” adlı sərgi ilə tanış olublar. Sərgidə görkəmli elm və mədəniyyət xadiminin bədii irsini özündə əks etdirən, onun fəlsəfə, tarix, coğrafiya, məntiq və bir sıra elm sahələrinə aid, Azərbaycan, türk, ərəb və başqa dillərdə olan əsərlərinin əlyazma nümunələri, şairin əski çap kitabları, şəxsi və tarixi sənədləri nümayiş olunub.