Türk Dövlətləri Təşkilatının (TDT) himni hazırlanacaq. Bu barədə məlumat verən Türk Dünyası İncəsənət Universitetləri Birliyinin sədri professor Erhan Özden bildirib ki, himnin mətni türk xalqlarının başa düşə biləcəyi şəkildə yazılacaq və o, türk xalqlarının milli-mənəvi hisslərini tərənnüm edəcək. Musiqini xüsusi komitənin ortaq rəyinə uyğun olaraq təyin edilən bəstəkar yazacaq.

Erhan Özden bildirib ki, türk xalqlarının ortaq lüğətinin hazırlanması da nəzərdə tutulur. Onun sözlərinə görə, lüğət bir neçə il ərzində, himn daha qısa bir müddətdə ərsəyə gələ bilər.

Bu arada hərfləri (34 hərf) ilə bağlı razılıq əldə edilən ortaq türk əlifbasının necə tətbiq ediləcəyi maraq doğurur.

Bu barədə danışan Türk Dil Qurumun başqanı professor Osman Mert qeyd edib ki, ortaq əlifba indiyədək latın qrafikalı yazıya keçmiş türk dövlətlərində hər hansı əlifba yeniliyini nəzərdə tutmur. Ortaq əlifba bundan sonra latın qrafikalı əlifbaya keçəcək ölkələr üçün tərtib edilib. O diqqətə çatdırıb ki, 1928-ci ildə Türkiyədə qəbul edilən əlifbadakı 29 hərf türk dilində sözlərin səs görünüşünü çatdırmaq üçün kifayət edir. Ortaq əlifbada yer alan 5 hərf isə (Q, X, Ň, Ə, Ŭ) digər türk dillərinin zənginliyini əks etdirir.

O.Mert Türk dünyasının ortaq əlifbası üzrə komissiyanın bu ilin sentyabrında Bakıda keçirilən üçüncü iclasında bu barədə müvafiq qərar qəbul edildiyini xatırladıb.

“Bu gün dünya birliyinin ən azı 70 faizi latın əlifbasından istifadə edir. Ortaq türk əlifbası yazının “çərçivəsini” formalaşdıracaq ki, bu da TDT ölkələrinin bir-birinə yaxınlaşmasına kömək edəcək, eyni zamanda, türk ölkələrinin dünya birliyinə inteqrasiyasına töhfə verəcək. Bu, çox vacibdir”, – deyə o bildirib.

O vurğulayıb ki, söhbət bir ölkədə tətbiq olunacaq əlifbadan getmir: “Məsələn, Azərbaycan öz əlifbasından istifadə etməyə davam edəcək. Qazaxıstan, Qırğızıstan və Özbəkistanda dəyişikliklər bu ölkələrin parlamentlərində təsdiqləndikdən sonra olacaq. Ayrı-ayrı TDT ölkələrinin əlifbalarında əlavə hərflər olacaq və onların 29-u bizim ölkələr üçün ümumi olacaq”.

Qeyd edək ki, Türkiyədən savayı TDT-yə üzv ölkələrdən Azərbaycanda və Türkmənistanda latın qrafikalı əlifba tətbiq olunur.

Özbəkistanda latın qrafikalı əlifbaya keçid 2021-ci ildə başlanıb. Prosesin 2023-cü ildə yekunlaşacağı bildirilmişdi, lakin hələ başa çatmayıb.

Qazaxıstanda kiril hərflərindən latın qrafikalı əlifbaya keçidlə bağlı siyasi qərar 2017-ci ildə verilib. 2023–2031-ci illəri əhatə edəcəyi bildirilən proses faktiki olaraq hələ başlamayıb.

Qırğızıstanda bu məsələ bir neçə ildir gündəmə gəlsə də, hazırkı ölkə rəhbərliyi tələsməməyə üstünlük verir.