Mingəçevir Dövlət Dram Teatrında rus dramaturqu Qriqori Qorinin “Herostratı unudun” pyesinin məşqlərinə başlanılıb. Tamaşa Akademik Rus Dram Teatrının rejissoru Emin  Mirabdullayevin (dəvətli) quruluşunda hazırlanır.

İlin sonunadək premyerası nəzərdə tutulan səhnə əsərində rolları Xalq artisti Ella Yaqubova, aktyorlar Elvin Əkbər, Nargilə Abdullayeva, Lalə Abuşova, Paşa Salmanov, Asim Əmirov, Amil Fərzəliyev, Turqut Məsimli, Vüsalə Quliyeva oynayırlar.

 “Herostratı unudun” tragikomediyasının süjetinin əsasında qədim Efes şəhərində dünyanın 7 möcüzəsindən biri hesab edilən Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi dayanır.

Məşhur əsərin yeni səhnə yozumu haqqında danışan rejissor E.Mirabdullayev əsərdəki mövzunun daim aktual olduğunu və quruluşda həmin məqamları önə çıxaracağını deyib: “Ümid edirəm ki, səhnə işimiz mövzuya yeni rakursdan baxmağa kömək edəcək”.