Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və sərgi açılıb.
Tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, mədəniyyət xadimləri iştirak ediblər.
Layihə IDEA-nın, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış̧ fotoqraf Reza Deqatinin təşəbbüsü̈ ilə həyata keçirilib.
Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgi planetimizin gözəlliklərini və onun üzləşdiyi çağırışları uşaqların gözü ilə nümayiş etdirir: “Onların baxışlarında mərhəmət, anlayış və həssaslıq var. Mən düşünürəm ki, hər birimizdə təbiəti mühafizə etmək istəyi mövcuddur, ancaq vaxt keçdikcə bunu unuduruq. Bu sərgi bizə ayaq saxlamağı, dərindən nəfəs almağı, təbiəti və həyatı hiss etməyi bir daha xatırladır. Uşaqlar təkcə bizim gələcəyimiz deyil, onlar, həmçinin bizim bu günümüzdür. Yalnız uşaqlar bu günlə yaşamağı bacarırlar”.
Layihənin təşəbbüskarı Reza Deqati deyib ki, ikinci dəfə təşkil olunan müsabiqənin məqsədi balacaların gözü ilə dünyanın diqqətini təbiətə, onu sevməyə və qorumağa yönəltməkdir. Bildirib ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə bu mövzuya müraciət etdik və qısa zamanda müxtəlif ölkələrdən yüzlərlə uşaq bu təşəbbüsə qoşuldu.
R.Deqati əlavə edib ki, 60 ilə yaxındır bu sənətlə məşğul olmasına baxmayaraq, azyaşlı uşaqların təbiət mövzusunda çəkdikləri fotoşəkillər onu heyrətləndirib: “Biz bu şəkilləri böyüklərə göstərdik ki, görsünlər uşaqlar nə deyirlər. Onlar hamını təbiəti sevməyə və qorumağa çağırır. İnanıram ki, hər kəs onların bu çağırışına həssaslıqla yanaşacaq”.
Tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu vurğulayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib: “Biz buraya gənclərə və uşaqlara sağlam planeti necə təmin etmək öhdəliyimizi müzakirə etmək üçün toplaşmışıq. IDEA İctimai Birliyi ilə uşaqların, eyni zamanda BMT-nin dostu olan Rezanın iştirakı ilə bu birgə səylərin bir hissəsi olmaqdan çox məmnunam”.
Çıxışlardan sonra fotomüsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.
“Yer kürəsi uşaqların gözü ilə” müsabiqəsinin sərgisinə baxış keçirilib.
Qeyd edək ki, fotomüsabiqə oktyabrın 11-dən noyabrın 2-dək 18 yaşadək uşaq və yeniyetmələr arasında keçirilib. “Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” şüarı altında gerçəkləşən müsabiqəyə 3000-dək foto təqdim olunub və yekunda 14 namizəd mükafatlandırılıb.
10-18 yaş kateqoriyası üzrə Filippin, Şri-Lanka və Maltadan üç nəfər birinci, ikinci və üçüncü yerə layiq görülüb. Eyni kateqoriya üzrə Banqladeş, Böyük Britaniya, İran, İrlandiya və Myanmardan olan 5 iştirakçıya yaradıcı və düşündürücü fotoşəkillərinə görə fəxri mükafatlar təqdim edilib.
10 yaşadək kateqoriya üzrə isə Fransa, İran, İsveçrə və Türkiyədən olan beş finalçı mükəmməl təqdimatlarına görə, Azərbaycandan olan fotoqraf isə ev sahibi kateqoriyasında xüsusi mükafatlara layiq görülüblər.
Müsabiqəyə 50 ölkədən uşaq və yeniyetmələr qatılıb.