“G20 liderləri COP29 müzakirəçilərinə aydın mesaj göndəriblər: yeni uğurlu maliyyə hədəfi olmadan Bakını tərk etməyin”.

Bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin bəyanatında qeyd olunub.

“Bu, borc böhranlarının yayıldığı, iqlim dəyişikliyinin həyatları məhv etdiyi, tədarük zəncirlərini zədələdiyi və inflyasiyanı artırdığı dünyada bir vacib siqnaldır. G20 liderlərinin qeyd etdiyi kimi, hazırda təmiz enerji və iqlim dəyişikliyinə dayanıqlı qlobal iqtisadiyyata sürətli keçid üçün daha güclü yeni milli iqlim planları vacibdir”, – deyə o bildirib.

Qeyd edək ki, Bakıda COP29-un davam etdiyi vaxt Braziliyanın Rio-de-Janeyro şəhərində növbəti G20 sammiti (18–19 noyabr) keçirilib.

Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və etməkdə olan böyük ölkələrini bir araya gətirən G20 platforması 1999-cu ildə formalaşsa da, liderlər səviyyəsində sammitlər 2008-ci ildən keçirilir. G20-də 19 dövlət və ayrıca tərəf kimi Avropa Birliyi təmsil olunur. 2023-cü ildə G20-yə tərəf kimi  Afrika Birliyi də qoşulub.

G20 sammitlərinə ev sahibi tərəfindən ayrı-ayrı ölkələr də dəvət olunur. 2015-ci ildə Antalyada keçirilən G20 sammitində ev sahibi Türkiyənin dəvəti ilə Azərbaycan da iştirak etmişdi.