Noyabrın 16-da COP29 çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçirilib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov C4C təşəbbüsü haqqında məlumat verib. Qeyd olunub ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da “İqlim üçün mədəniyyət” təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. Hazırda bu təşəbbüs beynəlxalq miqyasda geniş təbliğ olunur və bir çox ölkə onu dəstəkləməkdə maraqlıdır. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyə çalışır.

Fərid Cəfərov həmçinin gəncləri C4C təşəbbüsündə fəal rol almağa çağırıb. Bildirilib ki, iqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri təşviq etmək üçün mədəniyyətin potensialından yararlanmaq imkanımız var.

Digər çıxış edənlər C4C təşəbbüsünün əhəmiyyətini vurğulayıb, onun konkret hədəfə yönəldiyini diqqətə çatdırıb, dəstəklərini bildiriblər.

Mədəniyyətin iqlim dəyişmələrinə yönələn gündəliyə daxil edilməsi istiqamətində aktiv fəaliyyətinə görə ölkəmizə təşəkkür ifadə olunub.

Daha sonra təqdimat iştirakçıları C4C təşəbbüsü ilə bağlı məlumatları özündə əks etdirən videoçarxı izləyiblər.

“Newman Partnership” təşkilatının təsisçisi, tanınmış təlimçi Martin Nyuman “İqlim üçün mədəniyyət” təşəbbüsünün məqsədləri haqqında danışıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Mədəniyyət davamlı gələcək üçün güclü vasitədir

 

Həmin gün COP29 məkanında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib.

Tədbirin moderatoru, Birləşmiş Ərəb Əmirlikləri Mədəniyyət Nazirliyinin baş incəsənət tədqiqatçısı Mahnaz Anvar Fancy qeyd edib ki, bu gün dünyada iqlim dəyişikliyi nəticəsində mədəni abidələrə də ciddi ziyan dəyir. Mədəniyyəti iqlim fəaliyyətinə daxil etmək üçün Azərbaycan tərəfindən “İqlim üçün mədəniyyət” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkməsi baxımından əhəmiyyət daşıyır, eyni zamanda qlobal səviyyədə mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.

Diqqətə çatdırılıb ki, C4C təşəbbüsünə dəstək olaraq oktyabrın 8-də UNESCO-nın baş qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilib. Bu tədbir C4C-nin qlobal miqyasda iqlim-pozitiv mədəni fəaliyyətləri təşviq etmək üçün necə mərkəz nöqtəsi kimi xidmət edəcəyini nümayiş etdirib.

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi Dana Firas, Afina Milli və Kapodistrian Universitetinin ətraf mühit və iqlim fizikası üzrə professoru Constantinos Cartalis, Asiya İnkişaf Bankı (ADB) İnstitutunun baş iqtisadçısı Akbar Riznaldi və UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois mövzu ətrafında çıxış ediblər.

Çıxışlarda iqlim dəyişikliyinin mədəniyyətə vurduğu zərərdən danışılıb, ölkəmizin irəli sürdüyü C4C təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Həmçinin sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, milli, beynəlxalq səviyyədə inklüzivliyin və davamlılığın artırılması, insanlar arasında təşviqatın aparılması, özəl-dövlət sektorları arasında tərəfdaşlıq, maliyyə imkanına çıxış və s. kimi mövzular müzakirə olunub.

Sonda çıxış edən COP29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbirin önəmini vurğulayıb: “Çox şadam ki, bu gün təşkil olunan tədbir məhz mədəniyyətə həsr olunur. Mən də öz növbəmdə iqlim fəaliyyətinə töhfə verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Biz də çalışacağıq ki, COP29-un yekun sənədində mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq”.

Nurəddin