Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva noyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində "Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı", "1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası" və "Vəcihə Səmədova – 100: sənətkar ömrünün səhifələri" adlı sərgiləri ziyarət ediblər.
Ziyarət zamanı sərgilər haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 115, vəfatının 50 illiyinə həsr olunan “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” sərgisində fırça ustasının muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu isə ilk dəfə nümayiş etdirilir. Multimedia vasitələrindən istifadə edilən sərgidə rəssamın “Gülüstan” əsəri animasiya formasında da təqdim olunur. Sənətkarın vitrində sərgilənən albomlarının bütün səhifələri sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş edilir, həmçinin “Bu, Səttar Bəhlulzadədir” sənədli filmindən fraqment göstərilir.
"1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası" sərgisində ümumilikdə 157 ədəd rəngkarlıq, qrafika, heykəltaraşlıq və keramika nümunəsi təqdim edilir. Qeyd olunan dövrdə Azərbaycan rəngkarlığı və qrafika sənətlərinin keçdiyi inkişaf yolu əsərləri sərgilənən görkəmli sənətkarların özünəməxsus yaradıcılıq dünyası vasitəsilə dolğun şəkildə işıqlandırılır.
XX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın (1924–1965) anadan olmasının 100 illik yubileyinə həsr olunan sərgidə rəssamın Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus 60-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş olunur.